Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binası açıldı
Sentyabrın 29-da Mingəçevir şəhərində Qeydiyyat şöbəsi üçün yeni inşa olunmuş inzibati binanın açılışı olub.Tədbirdə Ədliyyə naziri Fikrət Məmmədov, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, həkimlər, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Mərasimdən əvvəl tədbir iştirakçıları ümummilli liderin abidəsi ziyarət edib, önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Qeydiyyat şöbəsi ilə tanışlıq zamanı məlumat verilib ki, onun yeni inzibati binası ümumi sahəsi təxminən 500 kvadrat metr olan iki mərtəbədən ibarətdir. Burada qeydiyyat işinin aparılması, eyni zamanda nikaha daxil olmaq istəyən şəxslərə qanunvericilikdə müəyyən edilmiş qaydada tibbi müayinədən keçərək, tibbi arayış almaq üçün burada normal şərait yaradılıb.
Mərasimdə çıxış edən Ədliyyə naziri Fikrət Məmmədov ulu öndərin müəyyən etdiyi inkişaf strategiyasına uyğun olaraq, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə yüksək nailiyyətlər əldə etdiyini vurğuluyub. Nazir respublikamızın o cümlədən regionların sosial-iqtisadi inkişafı üzrə həyata keçirilən məqsədyönlü tədbirlərdən danışıb. Ölkə prezidentinin bu yaxınlarda Mingəçevirə səfəri zamanı abadlıq-quruculuq işləri ilə tanış olduğunu və Sənaye Parkının təməlqoyma mərasimində iştirakını xüsusilə nəzərə çatdırıb, Mingəçevirdə Qeydiyyat şöbəsinin yeni binasının istifadəyə verilməsini şəhər sakinlərinə töhfə olduğunu söyləyib. Bildirib ki, son illər ərzində ölkədə 50-ə yaxın Qeydiyyat şöbələrinin binaları əsaslı təmir olunub və ya yeniləri inşa olunaraq istifadəyə verilib.
Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov respublikamızın hərtərəfli inkişafına, ədliyyə sisteminin inkişafına verdiyi müstəsna əhəmiyyətə və qayğıya görə ölkə başçısına təşəkkürünü bildirib. Başçının sözlərinə görə, yeni inşa olunmuş binanın istifadəyə verilməsi əhaliyə yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə xidmət edəcəkdir.
Şərhlər bağlıdır.