Bir müddətdir ki, şəhərimizin yaşayış massivlərində nümunəvi məhəllələrin yaradılmasına başlanıb. Mənzil Təsərrüfatı və Abadlaşdırma Müəssisəsinin (MTAM) rəisi Qürbət Məmmədovun müxbirimizə verdiyi məlumata görə, gələn ilin əvvəlində şəhərimizdəki çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi prosesi tamamilə başa çatdırılacaq: “Hazırda cəmi 22 bina qalıb. Bu ilin sonunadək 4 binanın dam örtüyü də təzələnccək. Qalan 18 binada isə işi gələn il yekunlaşdırmaq nəzərdə tutulub”.
Q.Məmmədov bildirib ki, müəssisənin balansında olan 392 binada digər əsaslı və cari təmir işləri də aparılır: “Sosial proqrama uyğun olaraq, binaların ümumi istifadəyə aid hissələri-fasadları, dəhlizləri, giriş qapıları və pəncərələri təzələnir. İndi Vəli Hüseynov küçəsində binalara seyf qapıları qoyulur”.
MTAM-ın rəisi diqqətə çatdırıb ki, bu gün 5 yaşayış massivini nümunəvi məhəlləyə çevirmək məqsədilə proqram həyata keçirilir: “Bir məhəllə Mingəçevir Bələdiyyəsinin, qalanları isə şəhər İcra Hakimiyyətinin xətti ilə nümunəvi vəziyyətə gətiriləcək. Bizim idarənin gücü və daxili imkanları hesabına həmin məhəllələrdə idman qurğuları, oturacaqlar quraşdırılır, ağac və gül kolları əkilir. Arzu edilən bir məhəlləni artıq yaşayışçıların istifadəsinə vermək üzrəyik. Söhbət Ü.Hacıbəyov küçəsindəki 78 və 80, M.Maqomayev prospektindəki 79 və 81 və R.Rza küçəsindəki 23 saylı binaların həyətindəki ərazidən gedir. Burada məhəllədaxili yollara və səkilərə asfalt döşənib, bardürlər də quraşdırılıb”.
Q.Məmmədov problemlərə də toxunub: “Fərdi qaraj sahibləri qarajların rənglənməsini, ətrafının abadlaşdırılmasını öz üzərlərinə götürməlidirlər. Mövcud ərazidə çoxlu dəmir qarajlar var ki, neçə illərdir pas atıb, halbuki onları rəngləməklə həm ömürlərini uzada, həm də görünüşünü gözəlləşdirə bilərlər”.
MTAM rəisi zibillərin çeşidlənməsi və zərərsizləşdirlməsi ilə bağlı əhalinin daha çox maarifləndirilməsinə ehtiyac olduğunu da vurğulayıb: “Təəssüf ki, bəzi insanlar tullantıları zibil qutusuna deyil, yerə atmağa öyrəncəlidirlər. Zibil yeşiklərinin yerləşdirilməsi ilə də bağlı əziyyət çəkirik. Adamlar bu yeşiklərin mənzillərinin yaxınlığında qoyulmasına etiraz edirlər. Bəziləri hələ də məişət çıxarlarını yolun kənarına tökürlər”.
Q.Məmmədov deyib ki, məhəllənin mövcudd vəziyyətdə saxlanması əhalinin üzərinə düşür: “Bu məsələdə məhəllə komitələri mühüm rol oynaya bilərlər”.
Şərhlər bağlıdır.