Mingəçevirdə namizədlərdən biri bu günədək təşviqat kampaniyasına başlamayıb
47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, ərizə ilə müraciət edən Nəriman Yəhyayevin namizədliyinin irəli sürülməsi təsdiq edilmişdi: “Lakin Nəriman müəllim nəzərdə tutulan müdət ərzində imza vərəqəsini götürmədi. Bu da imtinanın bir formasıdır. Günəş Şəfaqətov və Nemət Heydərovun namizədliklərinin irəli sürülməsi də təsdiq olunmuşdu, lakin onların hər ikisi ərizə ilə müraciət edərək, namizədliklərini geri götürdülər”.
Hazırda Mingəçevirdən 7 nəfərin adı seçki bülleteninə daxil edilib. Onlardan beşi öz təşəbbüsü ilə seçkiyə qatılıb. Namizədlərdən Həsənzadə Emil Mircəmil oğlu Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim-cərrahdır, bitərəfdir. Hüseynov Elçin Ramiz oğlu Mingəçevir şəhər 3 saylı MİS-də mühəndisdir, Sosial Rifah Partiyasının üzvüdür. Məmmədova Könül İntiqam qızı 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimidir, bitərəfdir. Musayeva Cəmilə Qəzənfər qızı Mingəçevir Dövlət Universitetində kafedra müdiridir. Tahirova Kamalə Kalam qızı 3 saylı orta məktəbin direktorudur.
Digər iki namizəd isə -Milli Məclisin üzvü Mirzəzadə Aydın Böyükkişi oğlu Yeni Azərbaycan Partiyası, “Kırka” Şirkətinin Azərbaycan nümayəndəliyində tibb sahəsində çalışan Orucov Fəqani Habil oğlu isə Demokratik İslahatlar Partiyası tərəfindən irəli sürülüb.
O.Məmmədov deyib ki, deputatlığa namizədlərin təşviqat kampaniyası üçün yerli İcra Hakimiyyəti başçısının sərəncamı ilə açıq və qapalı yerlər müəyyənləşdirilib: “Azərbaycan DRES qəsəbəsindəki “Energetik” klubu qapalı yer üçün nəzərdə tutulub. Bütün məhəllələrdəki xeyir-şər mağarları da təşviqat kampaniyası üçün istifadə oluna bilər. Bu barədə yerli mətbuatda məlumat dərc olunub. Sadəcə olaraq namizədlər görüşlərinin vaxt cədvəlini qabaqcadan bizə təqdim etməlidirlər. Bu, mövcud yerdə polis tərəfindən asayişin qorunmasına, həm də tədbirlərin üst-üstə düşməməsinə yardım etmək məqsədi daşıyır”.
Bu günə qədər namizədlər tərəfindən şəhər üzrə cəmi 7 görüş keçirilib. Bəzi namizədlər, təşviqat dövrünün yarısı başa çatmasına baxmayaraq, kampaniyaya hələ ki, başlamayıblar. DSK sədrinin sözlərinə görə, Könül Məmmədova təşviqat kampaniyasının keçirilməsi üçün DSK-ya müraciət etməyib: “Hələlik yalnız Aydın Mirzəzadə qapalı görüş keçirib. O, kollektivlərdə də davamlı təşviqat işinə başlayıb. Yalnız YAP-ın fəallığı hiss olunur, başqalaınınkı isə yox. Ola bilər ki, digər namizədlər qalan günlərdə daha izdihamlı görüçlər keçirəcək, seçicilərini öz tərəflərinə çəkəcklər. Təşviqat kampaniyası dövründə heç bir qanun pozuntusuna yol verilməyib”.
47 saylı DSK-nın sədri Oqtay Məmmədovun dediyinə görə, seçkiyə 7 gün qalana qədər seçicilərə bildirişlərin paylanması başa çatacaq: “Ərazi üzrə bu günədək 37258 seçici qeydə alınıb. Onlar 30 məntəqədə səs verəcəklər. Bütün məntəqələr seçki vəziyyətinə tam hazırdır. 12 məntəqədə müşahidə kameraları qurşdırılıb. Məntəqə seçki komissiya üzvləri üçün seminar-treninqlər təşkil olunub. Ötən həftəki treninq 3 gün davam edib və MnSK-ların seçki günündəki fəaliyyəti ilə bağlı olub. Oktybrın 24-də isə növbəti təlim keçiriləcək. Sədr və katiblərə protokolların tərtibi barədə bilgilər veriləcək”.
Onu da öyrəndik ki, 47 saylı seçki dairəsi üzrə 313 nəfər müşahidəçi qeydə alınıb. Onların 180 nəfəri Demokratik İslahatlar Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Ana Vətən Partiyası, Böyük Quruluş Partiyası və Yeni Azərbaycan Partiyası tərəfindən verilib. 133 nəfər isə öz təşəbbüsü ilə qatılıb.
Şərhlər bağlıdır.