Mingəçevirdə istedadlı uşaqlar bir araya gəldi
Azərbaycan Respublikası Təhsil Nazirliyinin elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqə”sinin qalibi olan N.Gəncəvi adına 8 nömrəli tam orta məktəb tərəfindən İstedadlı uşaqlar üçün “Yay məktəbi” layihəsinin icrasına başlanılıb. 8 nömrəli məktəbdə baş tutan açılışda məktəb rəhbərliyi, müəllim heyəti, qonaqlar və istedadlı şagirdlər iştirak edib.
Layihənin açılışında çıxış edən direktor müavini Maisə Əliyeva iştirakçılara layihə ilə bağlı məlumat verib, layihənin əsas məqsədinin Mingəçevirdə mövcud ümumi təhsil müəssisələrində təhsil alan istedadlı uşaqların bir araya toplanılması, onların özünü inkişaf etdirmələri üçün dərnəklərin yaradılması olduğunu bildirib.
Açılışdan sonra layihə çərçivəsində keçirilən ilk təlim günündə iştirakçıların gələcəkdə əhəmiyyətli müzakirələr aparma və auditoriya qarşısında sərbəst çıxış etmək, fikirlərini düzgün çatdırmaq və inandırmaq bacarıqlarının inkişaf etdirilməsi məqsədilə debat təlimlərinin keçirilməsinə başlanılıb. Debatın yaranma tarixi, növlərini iştirakçıların diqqətinə çatdıran təlimçi formal və qeyri-formal debatlardan, onların prinsiplərindən danışıb. Debatın müxtəlif ölkələrdə oynanılan ümumilikdə 15-dən çox növü olduğunu bildirən təlimçi Azərbaycanda məşhur olan Karl Popper və Parlament Debatının qaydaları ilə bağlı iştirakçıları məlumatlandırıb. Sonda təlimlə bağlı təəssüratlarını bölüşən iştirakçıların sualları cavablandırılıb, təklifləri dinlənilib.
Şərhlər bağlıdır.