Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə istedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron baza yaradılacaq

“Azərbaycan Gəncliyi 2017-2021-ci illərdə Dövlət Proqramı” və “Gənclər siyasəti haqqında” qanuna uyğun olaraq gənclərin asudə vaxtlarının səmərəli, onların fərdi inkişafına dəstək olmaq məqsədilə son vaxtlar ölkədə bir sıra tədbirlər və layihələr həyata keçirilib. Bu fəaliyyətlərin əsas təşkili istiqaməti  peşəkar, istedadlı gənclər şəbəkəsinin formalaşdırılmasıdır.  Mingəçevirdə yaşayan və təhsil alan gənclər arasında  da kifayət qədər istedadlı, bacarıqlı gəncin olması onların vahid şəbəkədə birləşməsini zəruri edir.

Buna nail olmaq üçün “İşıqlı Gələcək” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə, “Mingəçevir Gənclər Evi” Sosial Xidmət Müəssisəsinin təşkilati dəstəyi ilə “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” adlı layihəyə start verib. Layihə müddətində intellektual yarışlar, debat təlimləri və debat yarışlarının keçirilməsi nəzərdə tutulub. Layihə çərçivəsində artıq intellektual yarışlara başlanılıb.

Yarışlarda təhsil müəssisələrindən olan gənclərlə yanaşı, şəhər gəncləri də öz biliklərini sınayıb. “Xəmsə” formatında keçirilən ilk yarışda 8 komanda 3 qrupa bölünərək yarışıblar. Hər qrupdan ən yüksək nəticə göstərən bir komanda final mərhələsinə yüksəlib. Bunlar Last Shot, Revolver və Scorpion komandaları olub. Gərgin keçən finalda Last Shot komandası rəqiblərini üstələyərək birincilik qazanıb.

Layihə ərzində növbəti İntellektual yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib. Ali və orta-ixtisas təhsil müəssisələrində təhsil alan, həmçinin şəhər gənclərinin iştirakı ilə baş tutan ikinci yarış zamanı 8 komanda ən güclü olmaq üçün mübarizə aparıb. İştirakçı komandalar 5 nəfər gəncdən təşkil edilib. Suallar isə məntiqi düşünmə qabiliyyəti və ümumi dünyagörüşü ilə bağlı olub.

İki mərhələdə keçirilən intellektual yarışda ilk üç yerin sahibi aşağıdakı komandalar olub:  Panteon, Revolver, Fenomen. “İstedadlı gənclərin şəxsi məlumatlarını əks etdirən elektron bazanın yaradılması, onlara təlimlərin, həmçinin intellektual və idman yarışlarının keçirilməsi” layihəsi ərzində gənclərin intellektual inkişafına dəstək məqsədilə Şəkilli Xəmsə formatında üçüncü bilik yarışı təşkil ediləcək. İntellektual yarışlarda fərqlənən gənclərin region və ölkə səviyyəli bilik yarışlarında iştirakını təmin etmək məqsədilə onlar elektron qeydiyyata alıanacaq.

Növbəti mərhələdə isə gənclər arasında natiqlik və debat təlimlərinin keçirilməsi nəzərdə tutulub. Bu istiqamətdə fərqlənən gənclər üçün fərdi inkişaf təlim və seminarları keçiriləcək. Debat yarışları vasitəsilə gənclərin danışıq qabiliyyətinin inkişafı üçün bir neçə mövzuda debatlar keçiriləcək.

“İşıqlı Gələcək” Gənclər İctimai Birliyinin Mətbuat xidməti 

Şərhlər bağlıdır.