Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə ikinci dialoq

3. 277

Fevralın 15-də Xocavənd, Ağdam və Kəlbəcər rayonlarından olan 10 məcburi köçkünün iştirakilə Mingəçevir Media Mərkəzində ikinci dialoq keçirilib. Bir saat yarım davam edən tədbirdə məcburi köçkünlərin qayıdışı ilə bağlı Azərbaycan Prezidentinin, Qaçqın və Məcbiri Köçkünlərin Problemləri üzrə Dövlət Komitəsinin gördüyü işlər, eyni zamanda qayıdış ərəfəsində köçkünləri narahat edən məsələlər müzakirə olunub.

Görüş iştirakçıları vurğulayıblar ki, tez zamanda doğma rayon və kəndlərinə qayıtmaq, 30 ildən sonra ata-baba yurdunda ocaqlarını qalamaq niyyəyindədirlər. “İnanmıram ki, kimsə burda qalmaq istəyə…Qanımız-canımız bahasına azad etdiyimiz əraziləri sahibsiz qoya bilmərik. Şəhidlərimizin ruhu o zaman dinclik tapacaq ki, biz torpaqlarımızı yenidən əkib-biçəcək, orda həyatımızı davam etdirəcəyik”-Xocavənd İcra Hakimiyyətinin yerli nümayəndəsi Səbuhi Məmmədov belə deyib.

Kəlbəcər köçkünü Elman Nəbiyevin fikrincə, sovet dövründə yaşadığı rayon diqqətdən kənarda qalmışdı: “Gedib-gəlmək olmurdu, yollar narahat idi. Əhaliyə təbii qazdan istifadə etmək imkanı yaradılmamışdı. Düşünürəm ki, milli hökumətimiz insanların orda davamlı məskunlaşması üçün hər cür şərait yaradacaq”.

Köçkünlərin qayıdacaqları ərazilərdə məşğulluğu, xüsusən onların bacarıqlarına uyğun iş yerlərinin açılması vacib şərt kimi dialoq iştirakçıları tərəfindən qaldırılıb. Rasim Dünyamalıyev deyib ki, dağ yerlərində yaşayan insanların əksəriyyəti köçkünlük həyatına qədər maldarlıqla məşğul idi: “İndi də ailələrə belə imkan yaradılsa, onlar həm öz tələbatlarını ödəyər, həm də ölkədə ərzaq bolluğuna töhfə verərlər”.

Görüşə toplaşanlar belə hesab ediblər ki, köçkünlər şirkətlərin onlara ev tikməsini gözləməməlidirlər. Elman Nəbiyevin fikrincə, bir çox hallarda tenderi udmuş şirkətlər işi arzu olunan səviyyədə görmürlər: “Məncə həmin şirkətlər sosial obyektləri tiksələr, daha yaxşı olar. Bizə isə az-küş vəsait ayrılsın, evimizi özümüz inşa edək. Binədən belədir ki, biri ev tikəndə özü və qohumları ustalıq edir və bu da xərclərin azalmasına gətirib çıxarır”.

Hazırkı şəraitlərindən narazı qalan Nicat Məmişov, Namiq Məmmədov, Mahirə Musayeva, Aybəniz Hüseynova köçkünlük həyatından bezdiklərini və günü sabah qayıtmağa hazır olduqlarını bildiriblər.  78 yaşlı Adilə Göyüşova isə pandemiya dövründə uzun müddət ölkədən kənarda qaldığını və hətta bilet almasına baxmayaraq, gec dönə bildiyini, gələndə isə mənzilinin boşaldıldığını görüb: “Neçə ildən sonra köçkün şəhərciyində mənə bir otaqlı mənzil vermişdilər. Onu da əlimdən aldılar, qalmışam küçədə…”

Kəlbəcər köçkünü və layihənin tədqiqatçısı, ELTV kanalının “Səhər” proqramının aparıcısı  İnqlab Şirinov hər bir halın media müstəvisində araşdırılacağından danışıb. Layihənin rəhbəri Fərman Nəbiyev isə  bütün fikirlər öyrənildikdən sonra hökumətə təkliflər hazırlanacağını diqqətə çatdırıb.

“Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyi 2022-ci il fevralın 1-dən “Məcburi köçkün icmalarında yaşlılar və gənclər arasında qayıdış perspektivi ilə bağlı sorğu və dialoqların keçirilməsi” adlı layihəsinə başlayıb. 2022-ci il aprelin sonunadək davam edəcək layihə  Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə gerçəkləşir. Layihə çərçivəsində 3 dialoqun keçirilməsi, 11 məcburi köçkün məntəqəsində 110 nəfər arasında qayıdışla bağlı sorğular aparılması, 3 kiçik sənədli film çəkilməsi nəzərdə tutulur.

Şərhlər bağlıdır.