Elm və təhsilMDUXəbərlər

Mingəçevirdə 20 Yanvar faciəsinə həsr edilmiş tələbə-şagird konfransı keçirilib

2020-ci ilin 17 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhər Texniki-humanitar liseyin (THL) birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan “20 Yanvar faciəsinin səbəb və nəticələri” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Texniki-humanitar liseydə keçirilən konftansın iştirakçıları əvvəlcə şagirdlərin 20 Yanvar faciəsini əks etdirən əl işlərindən ibarət sərgi ilə tanış olublar. Məruzəçilərin tələbə və şagirdlərdən ibarət olduğu konfransda ilk olaraq 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan Mingəçevir şəhər Texniki-humanitar liseyin direktoru Nailə Məmmədova, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov və Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunan birgə silsilə tədbirlərin tələbə və şagirdlərin Azərbaycanın yeni tarixini öyrənməsi və onların vətənpərvərlik ruhunda tərbiyə olunması baxımından vacib əhəmiyyət daşıdığını  bildiriblər.

Sonra THL-in XI sinif şagirdi Nəzrin Ömərova “Azərbaycanın üç minillik dövlətçilik ənənələrinin ağrılı, acılı, şərəfli tarixi”, THL-in X sinif şagirdi Nigar Məmmədzadə “XX əsrin 80-ci illərinin sonlarında Azərbaycanda ictimai-siyasi vəziyyət. Milli oyanış”, MDU-nun II kurs tələbəsi Ülviyyə Edilxanova “20 Yanvar faciəsinin xalqımızın milli azadlıq hərəkatında yeri”, THL-in XI sinif şagirdi Cavid Mirzəzadə “20 Yanvar faciəsi tariximizin şərəf və qəhrəmanlıq səhifəsidir”, MDU-nun IV kurs tələbəsi Kəmalə Hacıyeva “Çağdaş poeziyada şəhidlik mövzusu”, THL-in X sinif şagirdi Aydın Çələbizadə “20 Yanvar faciəsinə siyasi hüquqi qiymət verilməsi” və THL-in X sinif şagirdi Müjgan Nəbiyeva “20 Yanvar faciəsi xalqımızın milli azadlıq hərəkatının qəhrəmanlıq səlnaməsidir” mövzularında məruzələrlə çıxış ediblər.

MDU-nun və THL-in müəllimlərinin elmi rəhbərliyi ilə hazırlanmış məruzələrdə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı kütləvi qırğın törədilməsi və nəticədə 134 nəfər soydaşımızın amansızcasına qətlə yetirilməsi, 700-dən çox adamın yaralanması, 321 nəfərin itkin düşməsi, yüzlərlə insanın həbs edilməsi faktları konfrans iştirakçılarının diqqətinə çatdırılıb. Məruzəçilər bu qanlı hadisənin törədilməsində əsas məqsədin xalqımızın milli azadlıq iradəsini qırmaq və istiqlaliyyət arzusunu tankların tırtılları altında əzməkdən ibarət olduğunu bildiriblər. 20 Yanvar hadisələrini xalqımızın qəhrəmanlıq səlnaməsi kimi xarakterizə edən tələbə və şagirdlər bu faciəyə hüquqi-siyasi qiymətin ümummilli liderimiz Heydər Əliyev tərəfindən verildiyini xüsusi vurğulayıblar.

Müzakirələrlə davam edən elmi-praktiki konfransın sonunda tələbə və şagirdlərə sertifikatlar təqdim edilib.

Tag
Daha çox

Oxşar yazılar

Close