Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirdə 1116 yeni iş yeri açılıb

198

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov növbəti səyyar görüşünü  mayın 1-də N.Nərimanov küçəsindəki  4, 6, 8, 10 və 12 saylı binaların həyətində  yaradılan nümunəvi məhəllədə keçirib. Bu ünvanlarda həyətlər abadlaşıb, küçələrə asfalt döşənib, yeni yaşıllıqlar salınıb, binaların fasadı, pəncərə qəfəslərinin içərisi tamamilə yenilənib. Binaların giriş hissəsinə qapılar qoyulub.

İcra Hakimiyyətinin başçısı İlham İsmayılov deyib ki, ölkə prezidenti İlham Əliyevin tapşırığına əsasən keçirilən hər bir səyyar görüş vətəndaşları narahat edən problem və çətinliklərin həlli istiqamətinə yönəlib: “Ölkəmizin hər yerində olduğu kimi Mingəçevirdə də Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramı çərçivəsində genişmiqyaslı quruculuq işləri reallaşır. Sakinlərin sosial-rifah halının yaxşılaşdırılması hər zaman diqqət mərkəzimizdədir”.

Mikrafon qarşısına keçən sakinlər yaradılan şəraitə görə razılıq ediblər. Sakinlərdən Famil Allahverdiyev, Tofiq Mustafayev, Cəmilə Həsənova, Firuz Məmmədov və digərləri problemlərdən də söz açıblar. Bildiriblər ki, 8 saylı şəhərarası marşurut üzrə hərəkət edən avtobusların normadan artıq tüstü buraxması ətraf mühitə zərər vurur. Bəzi parklarda kölgəliklər azdır. Kanalizasiya xətlərinin çəkilişi yubadılır. Təmirsiz binalar qalmaqdadır.

İdarə, müəssisə və təşkilat rəhbərlərinə yerində tapşırıqlarını verən İcra Hakimiyyəti başçısı bildirib ki, sakinlərin qaldırdıqları bütün məsələlər nəzarətə götürülüb və onların həlli istiqamətində tədbirlər görüləcək. O, həm də əlavə edib ki, Mingəçevirdə 904 sosial iş yeri üçün vətəndaşlar göndəriş alıb. Əlavə olaraq 212 iş yeri də Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən açılıb.

Şərhlər bağlıdır.