Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Turizm Kollecində Heydər Əliyevin xatirəsi anılıb

Mingəçevir Turizm Kollecinin pedaqoq və tələbələri kollektiv şəkildə ümumşəhər tədbirinə qatılaraq, ümummilli liderin abidəsini ziyarət ediblər. Abidəni çiçək yağışına bürüyən kollektiv dahi şəxsiyyətin xatirəsinə ehtiram göstərib. Daha sonra  mərasim iştirakçıları kollecdə təşkil olunmuş rəsm və əl işləri sərgisinə qatılıblar. Burada  nümayiş olunan və  ulu öndər Heydər Əliyevin  həyat yolu və siyasi fəaliyyətindən bəhs edən məzmunlu əsərlər xoş təəssürat oyadıb. Sərgidə ulu öndər barədə video-çarx da nümayiş olunub. Yeri gəlmişkən, inşa, rəsm müsabiqələri, intellektual bilik yarışması,  kitab sərgisi, idman yarışı,  Heydər Əliyev Mərkəzinə ekskursiya, sənədli filmlərə baxış və dəyrimi masa ətrafı müzakirələr tələbələrə ümummilli liderin şərəfli ömür yolu barədə ətraflı məlumat almaq imkanı yaradıb. Tədbirlər “Heydər Əliyevin həyatı gənclərimiz üçün bir məktəbdir” adlı elmi-nəzəri konfransla yekunlaşıb.

Konfransda kollecin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov dahi  liderin keşməkeşli həyatı və xilaskarlıq missiyası haqqında ətraflı söhbət açıb. Pedaqoqlar Elmira Rəhimova, Samir Tağızadə və tələbə Əsmər Qurbanova “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və müstəqil Azərbaycan”, “Heydər Əliyev və müasir gənclik’ mövzularında danışıblar.

Konfransın sonunda dahi rəhbərin xatirəsinə həsr olunan bilik yarışması, inşa və rəsm müsabiqəsi qaliblərinə fəxri fərmanlar təqdim edilib. Tədbir tələbə özfəaliyyət qrupunun hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Şərhlər bağlıdır.