APA TV-nın Mingəçevir bürosunun məlumatına görə, 8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir polis xətt məntəqəsi ilə birgə Mingəçevir su anbarında reyd təşkil edib.
Zəngin və çeşidli balıq ehtiyatları ilə tanınan su hövzəsində balıqçılığın inkişafına ciddi problem yaradan sintetik torların və digər ov alətlərinin müəyyən edilməsi məqsədilə reyd iştirakçıları xüsusi qayıqlarda əraziyə baxış keçirib. Reyd zamanı hövzənin bir sıra istiqamətlərində, həmçinin sahil zolağına yaxın ərazilərdə xeyli miqdarda sintetik torlar aşkar edilib. Torlar və qanunsuz ov alətləri suda istifadə olunan halda və sahildə qurulmağa hazır vəziyyətdə müəyyən olunub. Torlar sudan çıxarılaraq sahilə toplanıb.
8 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Samir Abdullayev APA TV-yə bildirib ki, reyd ərzində 5 min metrdən artıq sintetik tor və digər qanunsuz ov alətləri yığışdırılaraq aidiyyəti məntəqəyə daşınıb. Onun sözlərinə görə, qanunsuz ov alətlərindən istifadə halları ilə bağlı müvafiq inzibati tədbirlər görüləcək. İdarə rəsmisi onu da deyib ki, birgə reydlər növbəti günlərdə də davam etdiriləcək.
Qeyd edək ki, reyddə FHN nümayəndələri də iştirak edib.
Şərhlər bağlıdır.