Mingəçevir sakinləri küçələrə şəhid adlarının verilməsini istəyir
Bizim.Media-nın Qərb bürosunun məlumatına görə, ölkənin dördüncü şəhərində hələ də Azərbaycan tarixində müammalı izləri ilə yadda qalan şəxslərin adını daşıyan küçələr mövcuddur.
Şəhərin bəzi kənar məhəllələrində İƏ “Birinci paralel”, “5-ci küçə”, “10-cu küçə” yaxud “15-ci küçə” kimi adlandırılan ünvanlar var.
Adı “26 Bakı komissarı” arasında yer alan Məşədi Əzizbəyovun adı ilə bağlı paytaxtda küçə metro stansiyası və digər abidələr ləğv olunsa da Mingəçevirdə bu ad indiyədək toxunulmaz qalmaqdadır.
Küçə sakinlərindən olan Zöhrəb Əlləzov Bizim.Media-nın mövcud məsələyə dair sualına aydınlıq gətirərkən bu cür hallara son verilməsinin vaxtının çoxdan yetişdiyini bildirir:
“Yüzlərlə vətən müharibəsi iştirakçısı olan qəhrəman döyüşçü var. Onların adları şəhərimizdə küçə və prospektlərə yeni müsbət çalar qata bilər. Hər kəs o qəhrəmanların adlarını daşıyan küçələrin sakinləri olmaq arzusundadır”.
Şahid Əhmədovun fikrincə uzağa getməyə ehtiyac yoxdur:
“Məşədi Əzizbəyova bitişik küçənin beş addımlığında aprel döyüşlərinin şəhidi olan cəsur döyüşçü Teymur Qasımovun ata yurdu var. Elə küçə Teymurun adına əbədiləşdirilsə, çox şad olarıq”.
Gənc sakin İlqar Məmmədov da Məşədi Əzizbəyovun ismini daşıyan küçə adının ləğv olunmasının tərəfdarıdır:
“Bakıda küçə, metro stansiyasının adları dəyişdirildi. Bizdə də dəyişdirilərək şəhid adları ilə əvəzlənməsi hər birimizin arzusudur”.
Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, Mingəçevirdə şəhid adlarının əbədiləşdirilməsi üçün geniş imkanlar mövcuddur. Məsələn, təkcə Günəşli yaşayış massivi ərazisində “Birinci paralel”, yaxud birdən on beşədək adlı küçələr və hətta onlara bitişik adsız məhəllələr mövcuddur. Günəşli sakinləri də bu anlaşılmazlığın aradan qaldırılaraq onların şəhid adları ilə əbədiləşdirilməsini arzulayır.
Nəsib Yusifov hesab edir ki, baş verəcək dəyişikliklər həm şəhidlərin xatirəsinə böyük ehtiram nümunəsi olar, həm də ərazi sakinləri bir sıra problemlərdən qurtulmuş olarlar.
Məsələn, indi təcili tibbi yardım xidməti və ya yanğınsöndürmə briqadası çağırışa gələrkən küçə tanıma problemləri ilə üzləşirlər.
Məsələ ilə bağlı şəhər İcra Hakimiyyəti aparatından mövqe öyrənərkən hazırda aidiyyatı komissiyada sadalanan məsələlərlə bağlı müzakirə və hazırlıqlar aparıldığı bildirildi.
Şərhlər bağlıdır.