AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Bakı Dövlət Universiteti və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə növbəti mühazirə keçirilib

2021-ci ilin 26 noyabr tarixində Bakı Dövlət Universiteti (BDU) və Mingəçevir Dövlət Universiteti (MDU) arasında əməkdaşlıq çərçivəsində reallaşdırılan “Ustad dərsləri” layihəsi üzrə növbəti mühazirə keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən mühazirədə hər iki universitetin professor-müəllim heyəti üzvləri, tələbə, magistrant və doktorantları, eləcə də “Dədə Ələsgər Ocağı” İctimai Birliyindən Aşıq Ələsgərin nəticəsi şairə Şamama Ələsgərli və kötücəsi şairə Asimə Ələsgərli iştirak ediblər.

Mühazirəyə moderatorluq edən MDU-nun “Humanitar fənlər” kafedrasının müdiri Esmira Cəfərova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin anadan olmasının 200 illik yubileyinin təntənəli şəkildə qeyd edildiyini diqqətə çatdırıb. Bildirib ki, iki tərəfdaş universitetin birgə təşkilatçılığı ilə keçirilən mühazirə el sənətkarının parlaq poetik irsinin gənclər arasında təbliğinə töhfə vermək məqsədi daşıyır.

Sonra, BDU-nun Filologiya fakültəsinin “Azərbaycan şifahi xalq ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Səhər Orucova “Aşıq Ələsgər yaradıcılığında milli-mənəvi dəyərlər” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Aşıq Ələsgərin zəngin həyat və yaradıcılığından söhbət açan professor S.Orucova qüdrətli söz ustadının müxtəlif janrlarda yazdığı çoxlu sayda şeirləri, o cümlədən qoşma, gəraylı, ustadnamə, vücudnamə və cahannamələri ilə aşıq şeirinin inkişafına göstərdiyi misilsiz xidmətlərdən və aşıq sənətinə gətirdiyi mühüm yeniliklərdən bəhs edib. Dədə Ələsgərin yaradıcılığında aşılanan vətənə və təbiətə məhəbbət, düzlük, mərdlik, sədaqət, adət-ənənələrə ehtiram və digər yüksək mənəvi-əxlaqi dəyərlərdən danışan mühazirəçi el şairinin şeirlərində səslənən bir çox hikmətli ifadələrin günümüzdə atalar sözləri və zərb məsəlləri kimi istifadə edildiyini bildirib.

Mühazirə iştirakçıları tərəfindən maraqla qarşılanan məruzə ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb. “Dədə Ələsgər Ocağı” İctimai Birliyini təmsil edən Aşıq Ələsgər nəslinin davamçıları Ş.Ələsgərli və A.Ələsgərli ulu babaları haqqında eşitdikləri xatirələri bölüşüblər və onun yaradıcılığından şeirlər səsləndiriblər.

Faydalı mühazirəyə və maraqlı müzakirələrə görə professor S.Orucova, eləcə də əməkdaşlığın inkişafında dəstəyi olan hər kəsə təşəkkürünü bildirən hər iki universitetin kollektiv üzvləri layihənin icrasından məmnunluqlarını ifadə ediblər.

Qeyd edək ki, “Ustad dərsləri” layihəsi cari tədris ilində BDU və MDU arasında razılaşdırılmış birgə fəaliyyət planı çərçivəsində həyata keçirilir. Tələbə və magistrantların, akademik və inzibati heyət üzvlərinin hərtərəfli inkişafına hədəflənən bu fəaliyyət planı ustad dərsləri ilə yanaşı, birgə konfranslar, dəyirmi masalar, elmi seminarlar, təlimlər, təcrübə mübadiləsi və müxtəlif məzmunlu tələbəyönümlü tədbirlərin təşkilini də özündə ehtiva edir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker