“Mingəçevir Sahibkarlar Klubu” yaradıldı
8 Fevral 2022-ci ildə Mingəçevir Gənclər Evində sahibkarlarla görüş keçirilib. Onlara ölkə Prezidentinin 1 dekabr 2021-ci il tarixli fərmanı ilə təsdiq edilən “Mikro və kiçik sahibkarlıq subyektlərinin istehsal etdikləri məhsulların ticarət şəbəkələrində satışının genişləndirilməsinə dəstək Qaydası” barədə məlumat verilib. Diqqətə çatdırılıb ki, qaydaya əsasən dəstəyi KOBİA təmin edəcək.
Görüşün təşkilatçısı və Mingəçevir KOB İnkişaf Mərkəzinin nümayəndəsi Ayaz Ədilov izah edib ki, indiyədək mikro və kiçik sahibkarların öz məhsullarını bazara çıxarmalarında problemlər yaşanırdı: “Mövcud Fərman onlara “yaşıl işıq” yandırdı. İndi KOB iri ticarət şəbəkələrində 3 ay müddətinə hər biri 50 sm enində satış yerlərini icarəyə götürəcək. Kiçik sahibkarlar icarə haqqının 50, mikro sahibkarlar isə 20 faizini ödəməklə məhsullarının satışını burada həyata keçirə biləcəklər. Bu, onların böyük bazara çıxışına kömək edəcək”.
O da bildirilib ki, əsas meyar kimi məhsulların Azərbaycanda ilk dəfə istehsal olunması, məhsulların idxalı əvəzləmək potensialı, sahibkarın ticarət şəbəkələrinə çıxış təcrübəsinin olmaması və nəhayət, həmin məhsulların Bakı şəhəri və Abşeron rayonu istisna olmaqla digər regionlarda istehsal edilməsi nəzərə alınır.
Görüşdə sahibkarlar narahat olduqları məsələləri dilə gətiriblər. Özünüməşğulluq proqramı üzrə maldarlıq təsərrüfatı yaradan Pərvin Həmidqızı deyib ki, Mingəçevirin keçmiş tərəvəzçilik sovxozu adlanan hissəsində müxtəlif şəxslərin adına olan otlaq sahələrinin böyük əksəriyyəti istifadə olunmur: “Bizim isə belə sahələrə ehtiyacımız var. Bələdiyyəyə də müraciət etmişik və 2 ildir ki, cavab gözləyirik.”
Şəhid ailəsi Eldar İsmayılov da özünüməşğulluq proqramından faydalananlardandır: “Sağ olsunlar, bizə inkubator veriblər. Amma sağlam yumurta tapa bilmirik”.
Sahibkar Vaqif Həsənov Əmlak Komitəsinin və digər dövlət qurumlarının iş adamlarına sünü maneələr yaratmasından təəssüflənib: “Bizə keçmiş İcraiyyə Komitəsinin qərarı ilə torpaq sahəsi ayrılıb və orada 30 nəfərədək insanı işlə təmin edəcək istehsal müəssisəsi yaratmışıq. İllər boyu torpağa görə vergi də ödəyirik. İndi Əmlak Komitəsi tələb edir ki, mövcud torpaq üçün onlarla yüksək qiymətə icarə müqaviləsi bağlayaq”.
V.Həsənovun fikrincə, rezin məhsulunu hazırlamaq üçün bir çox komponentlərdən istifadə edilir: “Ölkədə kauçuk istehsal olunmadığından onu xaricdən alırıq. Qanuna görə, belə məhsullar idxal rüsumundan azaddır. Amma Gömrük Komitəsi bu dəfə Türkiyədən aldığımız kauçuka 15 faiz rüsum tələb edir. Belə vəziyyət isə xərclərimizin artmasına və məhsulun qiymətinin bahalaşmasına şərait yaradır”.
“MRT-İnşaat”ın sözçüsü Nəsimi Salamlı, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev, “Araz” marketlər şəbəkəsinin nümayəndəsi Emin Osmanlı, mikrosahibkar Sənan Abdullayev və başqaları Prezidentin Fərmanından irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşüblər. Hətta E.Osmanlı meyvə qurusu hazırlayan S.Abdullayevə “Araz”ın bütün şəbəkələrində məhsulunu satmağa şərait yaratmaqda maraqlı olduğunu vurğulayıb.
Görüşün sonunda iştirakçılar “Mingəçevir Sahibkarlar Klubu”nun yaradılması barədə təklifə yekdilliklə səs veriblər.
Şərhlər bağlıdır.