Mingəçevir Şəhər Statistika İdarəsiStatistika

Mingəçevir şəhəri üzrə məşğulluq və işsizlik, pensiya təminatı və açılmış yeni iş yerləri (2018-ci ilin yanvar-sentyabr)

     Məşğulluq və işsizlik

Məşğulluq xidmətləri tərəfindən Respublikada rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 2018-ci ilin oktyabr ayının 1-nə 34760 nəfər olmuşdur ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 5,5 faiz və ya 2012 nəfər az deməkdir. Ölkə üzrə həmin tarixə rəsmi işsiz statusu verilmiş cəmi şəxslərin sayından 2,8 faiz və ya 989 nəfəri Mingəçevirdə qeydiyyata alınmışdır.

01.10.2018-ci il tarixə Respublikada rəsmi işsiz statusu almış şəxslərdən 3,1 faizi və ya 1062 nəfəri işsizliyə görə müavinət alanlar olmuşdur. Mingəçevir şəhərində isə rəsmi işsiz statusu almış şəxslərdən 1,5 faizi və ya 15 nəfəri işsizliyə görə müavinət alanlar olmuşdur.

İşsizliyə görə müavinətin orta məbləği keçən ilin müvafiq dövrü ilə müqayisədə 18,5 faiz və ya 47,9 manat azalaraq 210,6 manat təşkil etmişdir.

2018-ci ilin yanvar-sentyabr aylarında Mingəçevir şəhər Məşğulluq Mərkəzində əmək fəaliyyəti ilə məşğul olmayan 710 nəfər iş axtaran kimi qeydə alınmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 64,8 faiz və ya 1305 nəfər azdır.

Hesabat dövründə iş axtaran kimi qeydə alınmış şəxslərin 21,1 faizi və ya 150 nəfəri 29 yaşadək gənclərdir.

Mingəçevir şəhər Məşğulluq Mərkəzində 1 oktyabr 2018-ci il tarixinə qeydə alınmış cəmi iş axtaranların 730-u, gənclərin isə 167-i cari ilin yanvar-sentyabr aylarında işlə təmin olunmuşlar.

2018-ci ilin oktyabr ayının 1-i vəziyyətinə şəhərdə ünvanlı dövlət sosial yardımı alan ailə üzvlərinin sayı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 34,6 faiz və ya 1787 nəfər azalaraq 3385 nəfər olmuşdur. Həmin tarixə 1 nəfərə düşən aylıq ünvanlı dövlət sosial yardımın məbləği 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,9 faiz və ya 3,96 manat  artaraq 40,37 manat təşkil etmişdir.

     Pensiya təminatı

2018-ci ilin oktyabr ayının 1-i vəziyyətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində cəmi 17877 nəfər qeydiyyatdadır ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz və ya 191 nəfər azdır.

Cəmi pensiya alanların sayından; 10298 nəfəri yaşa, 6032 nəfəri əlilliyə və 1547 nəfəri ailə başçısını itirdiyinə görə pensiya alan şəxslərdir. 2017-cı ilin oktyabr ayının 1-i vəziyyəti ilə müqayisədə müvafiq olaraq yaşa görə pensiya alanların sayı 3,75 faiz və ya 401 nəfər, ailə başçısını itirdiyinə görə pensiya alanların sayı 1,02 faiz və ya 16 nəfər azalmış, əlilliyə görə pensiya alanların sayı isə 3,89 faiz və ya 226 nəfər artmışdır.

01 oktyabr 2018-ci il tarixə təyin olunmuş aylıq pensiyaların orta məbləği şəhər üzrə 01 oktyabr 2017-ci il vəziyyəti ilə müqayisədə bir nəfərə 9,0 faiz və ya 16,69 manat artaraq 201,58 manat təşkil etmişdir.

     Yeni iş yerləri

Bazar iqtisadiyyatına keçid şəraitində şəhərin sosial iqtisadi simasını müəyyən edən əsas amillərdən biri də əhalinin məşğulluğudur.

2018-ci ilin yanvar-sentyabr ayları ərzində şəhərdə 568 yeni iş yeri açılmışdır ki, onlardan da müvafiq olaraq 6,5 faizi və ya 37-i yeni yaradılmış müəssisə və təşkilatlarda, 21,8 faizi və ya 124-ü mövcud müəssisə və təşkilatlarda, 71,7 faizi və ya 407-i isə fiziki şəxslər üzrədir. 2018-ci ilin yanvar-sentyabr ayları ərzində açılmış yeni iş yerlərinin 100,0 faizi də daimi iş yeridir.

Etibar Kərimov

Mingəçevir Şəhər Statistika İdarəsi

Daha çox

Oxşar yazılar

Close