Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) “Cənubi Qafqazda hüquq sahəsində Avropa standartlarına yaxınlaşma” regional proqramı jurnalistlər arasında keçirdiyi müsabiqənin nəticələrini mayın 3-də elan edib. “Əlilliyi olan şəxslərin hüquqları: Qanunvericilik və onun tətbiqi” mövzusuna dair müsabiqəyə çap və elektron mediada dərc olunan 20-dən artıq yazı təqdim edilib.
Bu barədə GİZ-in proqram rəhbəri Thomas Meyer məlumat verib. O, bildirib ki, fevralın 11-dən aprelin 1-dək davam edən müsabiqədə 3 yerə 5 qalib müəyyənləşib. Belə ki, “Mingəçevir işıqları” qəzetinin baş redaktoru Fərman Nəbiyev (“Heç kəs əlillikdən sığortalanmayıb”), “Movqe.az” səhifəsinin əməkdaşı Zülfiyyə Quluyeva (“Əlilliyi olan şəxslərin məşğulluğunda qanunvericilik dolanbacı”) və müstəqil jurnalist Raminə Eyvazqızı (“Əlillik bizdə yox, onların əlil düşüncəli beyinlərindədir”) eyni bal topladıqları üçün (109 bal) birinci yerə layiq görülüblər.
İkinci və üçüncü yerləri isə “Kaspi” qəzetinin müxbiri Rufik İsmayılov (“Müyəssərliyi 100 faiz təmin edən ölkə yoxdur”) və Oxu.az saytının əməkdaşı Romella Təhməzova (“Мужчина с дипломом, но в коляске устал искать работу в Баку”) bölüşdürüblər. Onların hər birinə 700 (birinci yer), 500 (ikinci yer) və 400 (üçüncü yer) manat məbləğində pul mükafatlarıı verilib.
Qaliblərə sertifikatlarını təqdim edən cənab T.Meyer diqqətə çatdırıb ki, azərbaycanlı jurnalistlər cəmiyyətin diqqətini bütün dünyanı narahat edən problemə – əlilliyi olan şəxslərin sosial, iqtisadi, əmək, fundamental hüquqlarına və əlilliyin daha yaxşı dərk edilməsinə yönəldə biliblər.
Yeri gəlmişkən, GİZ-in bundan əvvəl iki müsabiqədə də “Mingəçevir işıqları” qalib olub. Qəzetin şöbə müdiri Yeganə Nəbiyeva “Gender probleminin həllində medianın rolu artırılmalıdır” və “ Plagiatlıq kriminaldan daha çox tərbiyə məsələsidir” sərlövhəli araşdırmaları ilə birinci mükafata layiq görülmüşdü.
Şərhlər bağlıdır.