Mingəçevir ilk rübün hesabatını verdi
2015-ci ilin yanvar-mart aylarında 57 milyon manatlıq məhsul istehsal olunub, əsas kapitala 53 milyon manat investisiya yönəldilib. 45 milyon manatlıq tikinti–quraşdırma işləri görülüb.
Bu məlumatlar cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Baramov məlumat verib ki, bu il fevral ayının 24-də Prezident İlham Əliyev şəhərə səfər edib: “Dövlət başçısı məcburi köçkünlər üçün inşa edilmiş və Avropa Oyunları zamanı idmançıların yerləşəcəyi qəsəbədə olub. Heydər Əliyev fondunun təşəbbüsü ilə inşa edilən 120 yerlik müasir uşaq baxçasının açılışında iştirak edib. Əsaslı yenidənqurmadan sonra istismara verilən Mərkəzi Xəstəxanada görülən işlərlə, Heydər Əliyev parkında aparılan yenidənqurma tədbirləri ilə tanış olub. Kür çayının sağ sahilində yaradılan “Ağ saray”otel kompleksindəki işlərin gedişi ilə maraqlanıb”.
Yığıncaqda məlumat verilib ki, hesabat dövründə Avropa Oyunlarına hazırlıq işləri davam etdirilib. Çoxmərtəbəli binaların dam örtükləri və fasad hissələri müasir görkəmə salınıb. Küçələr asfaltlanıb, müasir işıq dirəkləri quraşdırılıb. Şəhər polis şöbəsinin inzibati binasının tikintisi cədvəl üzrə aparılıb. Şəhərin küçələrində təhlükəsizlik kameraları quraşdırılıb. Küçə, park və xiyabanlarda yeni yaşıllıqlar salınıb, müxtəlif növ ağaclar əkilib. 66 cı məhəllədəki qazanxananın bərpası təmin edilərək, 120 mənzilə istilik verilib. Şəhərin su və kanalizasiya sisteminin təzələnməsi işi də davam etdirilib.
Hesabat yığıncağında qarşıda duran vəzifələr də müzakirə olunub.
Şərhlər bağlıdır.