Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir futbolunun qızıl səhifəsi

417

Ötən əsrin 60-cı illərinin  ortaları idi. Gənc sosialist  şəhəri Mingəçevir  özünün  inkişaf  dövrünü yaşayırdı. Yeni-yeni sənaye  müəssisələri, sosial- mədəni obyektlər tikilib isifadəyə verilir, park və xiyabanlar salınırdı. Öz təmizliyi ilə seçilən şəhərimiz ilbəil   libasını dəyişir, adambaşına düşən yaşıllığa görə nəinki  respublika, keçmiş ittifaq göstəriciləri üzrə öncül  yerləri tuturdu. Cəmi 50 min əhalisi olan şəhərdə 30-dan çox millət və xalqın nümayəndəsi yaşayırdı. Mingəçevir dəryaçası sahilində fəaliyyət göstərən   turist bazası qısa bir  zamanda əlverişli  istirahət məkanı kimi artıq  ölkə daxilindən kənarda da  tanınmağa başlamışdı. Onun ətrafında salınmış  şəhər çimərliyinin isə  regionda  bərabəri yox idi.

Şəhərdə  yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli keçirmələri üçün həftənin 3 –günü Teatr binasının arxasındakı  meydançada rəqs  axşamları təşkil edilir, idman və bədən tərbiyəsinə xüsusi  diqqət yetirilirdi. O illərdə Mingəçevirdə xüsusi ilə sərbəst güləş, voleybol (kişilər və qadınlar), basketbol, motobol (respublika çempionu olmuşlar), stolüstü tennis, şahmat, yüngül atletkanın  ayrı-ayrı növləri  və  əlbəttə ki, futbol kifayət qədər inkişaf etmişdi. Bu idman növləri üzrə  mingəçevirli gənclər  respublika yarışlarında uğurlu nəticələr əldə edirdilər. Bütün  müəssisələrin şəhər birincilikləri, spartakiadalarda  iştirak etməsi vacib sayılırdı. O müəssisənin ki, rəhbəri özü bilavasitə idmanı sevirdi, orada işlər daha yaxşı qurulmuşdu. Şəhərin bir sıra  müəssisə rəhbərləri, ələlxüsus da  “Azərkabel”, “Azərelektroizolyasiya”, “Azyolmaş” zavodlarının rəhbərləri Nikolay Suprin, Çingiz Ağayev və Nazim Əliyev belə rəhbərlərdən idilər. “Azərkabel”, “Azərelektroizolyasiya” zavodlarında  güclü futbol komandaları yaradılmışdı. Şəhər birinciliklərində bu zavodların  komandaları əsasən finalda qarşılaşardılar. Odur ki, başda direktorlar  olmaqla stadionun  bir tribunasında “Azərkabel”, qarşı tribunada isə “Azərelektroizolyasiya”  zavodlarının kollektivləri əyləşər və çox çılğın azarkeşlik edərdilər. Elə şəhər yığma komandasının heyətini də əsasən bu zavodların oyunçuları təşkil edirdi. Onda mənim cəmi 17 yaşım vardı, oyunumu çox bəyənən N.Suprinin  dəvətilə         “Azərkabel”də oyanırdım. Həm futbol, həm də voleybol üzrə şəhər yığmasının  tərkibində idim.

Yeri gəlmişkən, onu da qeyd edim ki, o vaxtlar hər məhəllənin   öz futbol meydançası və  komandası vardı ki, onların arasında keçirilən şəhər birincilikləri əsl futbol bayramına çevrilərdi. Bəzən düşünürəm ki, bu şəhərin əsasını  qoyanların da futbola böyük sevgisi olub. Belə ki, Mingəçevir bəlkə də dünyada barmaqla sayılacaq şəhərlərdəndir ki, burada futbolun adı verilmiş küçə vardı. Stadiona gedən küçə (hazırda Şəhriyar küçəsi) “Fütbolnaya” adlanırdı. Zənnimcə belə küçələrin  adlarının dəyişdirilməsinə lüzum yox idi. Şəhərin bütün tanınmış futbolçuları bu məhəllə  futbolunun “məhsulları” idilər.

Əlbəttə ki, uşaq və yeniyetmə futbolunun  vüsət alması, kiçik bir şəhərin  “Ulduz” komandasının  keçmiş SSRİ kimi nəhəng bir  ittifaqın şəhərləri sırasında bir dəfə gümüş, iki dəfə bürünc medal qazanmasında  neçə-neçə usta futbolçunun,  o cümlədən, “Neftiyanik”  (Bakı), “Cernomorets” (Odessa), “Dinamo” (Kiyev) və SSRİ yığma komandasının  qapısnı qorumuş Yuri Romenskini yetişdirmiş, cəmi  29 yaşında  “Əməkdar məşqçi”  adına layiq görülmüş, İdman ustası Baba Xanlar oğlu  Mustafayevin  heç vaxt unudulmuyacaq  əməyi vardır. Və bu gün diqqətinizə çatdırmaq istədiyim və yazıma belə geniş giriş verməyim də   51 il bundan əvvəl  baş vermiş bir idman hadisəsinin  hec də tesadüfü   olmadığını bildirmək istəyimdən qaynaqlanır.

1965- ci ilin may ayı qədəm qoymuşdu. Şəhərin allı-yaşıllı, güllü–çiçəkli vaxtı idi. Çiçəkləmiş yasəmən ağaclarının ətri, həmişəyaşıl, zeytun, eldar  şamı, küknar  ağacları şəhərə xüsusi gözəllik, əhval-rühiyyə  verirdi. Artıq şəhərin idman ictimayətinə məlum idi ki,  sovet futbolun təbliği və Böyük Qələbənin 20 illiyi, hebelə 1966-cı ildə İngiltərədə keçiriləcək  Dünya birinciliyinə hazırlıq məqsədilə  SSRİ-nin gənclərdən ibarət yığma futbol komandası Zaqafqaziya  respublikalarına yoldaşlıq  görüşləri keçirməyə gələcəklər. Odur ki,  şəhər yığma komandasının heyətində olan futbolçular bütün işlərdən azad olunaraq məşqlərə cəlb olunmuşdular. Məşqlərə Penza şəhərində  əsgəri xidməti zamanı və  sonra  çıxış etdiyi ustalardan ibarət komandasından ayrılaraq doğma Mingəçevirinə  qayıtmış Baba Mustafayev rəhbərlik edirdi. Tanınmiş nisbətən yaşlı futbolçular da öz köməkliklərini əsirgəmirdilər.

Nəhayət gözlənilən gün gəlib çatdı. 5 minlik şəhər stadionuna  7-8 min futbolsevər  gəlmişdi. Hətta ağacların  qol-budaqları da  uşaqlarla dolu idi. Bu futbol bayramına ətraf rayon  və kəndlərdən də  gəlmiş tamaşaçılar vardı.

Qeyd edim ki, Mingəçevirdən əvvəl qonaqlar Bakıda olmuş və “Neftyanik” komandasının əvəzedici  heyəti ilə heç-heçə (2:2)  oynamış, Kirovabadın “Dinamo” komandasına 3:2 hesabı ilə qalib gəlmişdilər. Oyundan bir gün  əvvəl bizimlə görüşən  şəhər rəsmisi C.Ağayev qonaqlara qarşı diqqətli olmağı,  komandanın gələn il Dünya birinciliyində  çıxış edəcəyini və  bu oyunun sadəcə yoldaşlıq  görüşü olduğunu  nəzərimizə  çatdırdı.

Qonaqların heyətində sonralar SSRİ-nin olinpiya və əsas yığma komandasında  oynayacaq qapısçı Yuriy Dekteryov, müdafiəçi Murtaz Xurtsilava, hücumçular Vladimir Rudenko, Revaz Şengeliya, Vladimir Suslaparov, Vladimir Plipcuk və başqaları   çıxış edirdilər.

Bizim   komandamız da beynəlmiləl idi. Belə ki,  komandanın kapitanı Mixail Kulaçenko ukraynalı, Evqeni Podlaboşnikov, Nikolay Rikutin rus, Anatoliy Sirulnik belarus, Gilyan Qəhrəmanov ləzgi idi. Komandada başqa millətlərin nümayəndələri də  vardı.

Oyunu Bakıdan gəlmiş hakimlər  idarə edirdi,  yan xətt hakimlərindən biri mingəçevirli, respublika dərəcəli hakim Adil Sultanov idi. Oyun çox sürətlə başladı. Qonaqlar olduqca texnikalı oyun nümayiş etdirirdilər. Açığı onların futbol köynəyində yazılmış “SSRİ”  sözü,  şəhər rəsmisinin ciddi  tapşırıqları  və nəhayət,bu gənc ulduzların bir il sonra dünya çempionatında  çıxış edəcəkləri, hamımızı  ehtiyatlı oynamağa sövq edirdi. Oyunun 1- ci hissəsində  qapıçımız  E. Podlaboşnikovun fədakar oyunu bizi azı üç real qoldan  xilas etdi. Bizim hücumçular da  iki dəfə əlverişli  vəziyyətdən yararlana bilmədilər.

Fasilə zamanı Baba müəllim heç kimi  soyunub-geyinmə otağına  buraxmamağı tapşırdı və bizi ruhlandıraraq: “Siz onlardan heç də pis oynamadınız, ancaq nədənsə çox ehtiyat edirsiniz. Cəsarətli oynayın, amma kobudluğa  yol verməyin. Kənardan baxanda elə mənzərə yaranır ki,  siz qonaq, onlar ev sahibidirlər. Heç nə sizi çəkindirməsin,  sərbəst oynayın. Bir şeyi nəzərə alın ki, tanışlar, doğmalar sizin oynunuza baxmağa gəliblər, onları məyus  etməyin. Siz bu oyunu udmalısınız,  vəssalam!”-dedi. Və heyətdə bəzi dəyişikliklər etdi.

Beləliklə  komandamız görüşün 2–ci yarısına dörd hücumçu ilə başladı. Artıq birinci hissəsdəki komandadan əsər-əlamət  qalmamışdı. E.Söhrabovun   driblinqləri, N.Rikutinin sürətli hücumları qonaqları  çaş-baş salmışdı. Şahin Əhmədli elə bu oyunda  da Şahin idi, Mingəçevir futbolunun heç vaxt  unudulmaycaq Şahini! Tahir Nəbiyev və Ramiz Şəmilov texnikalı oyun nümayış etdirir, müdafiədə təcrübəli M.Kulaçenko, A.Sirulnik  cəsarətli oyun nümayiş etdirirdilər. Mən müdafiədə 4 nömrə ilə, sonralar Donetskin “Şaxtyor” komandasının kapitanı  olmuş V.Plipçuka qarşı çıxış edirdim. Açığı  bəzi  oyunçularımız kimi məndə də  “publikaya ” oynamaq  həvəsi vardı. Mənim hər  “nojnitsa” (qayçı)  zərbəm,  qarşıdan gələn topu hücümçunun  çiyni üzərindən  atılaraq, başla vurmağım adətən tribunalardakı  azarkeşlərimin sürəkli alqışlarına   hesablanırdı.

Artıq oyun sona yaxınlaşırdı  və  88-ci dəqiqədə, görüşün başa çatmasına  cəmi 2 dəqiqə qalmış  Şahin Əhmədlinin cinahdan ötürdüyü topu  M.Xurtsilava başı ilə  geri qaytarmağa cəhd etsə də, topa  çata bilmədi və bu an qonaqların    cərimə  meydançasına daxil olan   Rafiq Kamalov  əlverişli vəziyyətdə topu qapıdan keçirdi. Beləliklə, Mingəçevir-SSRİ yoldaşlıq görüşü  1:0 hesabı ilə   bizim xeyrimizə başa çatdı.

Mən əminliklə deyərdim ki, ötən 51 il ərzində  şəhər stadionunda çox sayda müxtəlif  səpkili tədbirlər,  idman yarışları olub,  ancaq tamaşaçıların bu sayaq coşqusuna  heç vaxt rəst gəlinməyib. Bu möhtəşəm qələbədən sonra   şəhər əhli bizə qəhrəmanlar kimi baxırdı. Bütün oyunçulara iş yerlərindən  pul mükafatları verildi. Oyundan bir gün sonra şəhərdə o vaxtlar  yeganə olan  restoranın banket zalında  (hazırda, “Mingəçevir” qazeti redaksiyası yerləşir) bizə ziyafət təşkil edildi  və ünvanımıza xoş  sözlər söylənildi.

 

Bayram Mustafa,

idman, turizm və dövlət qulluğu veteranı

P.S. Növbəti 1966- ci ilin aprel ayında Mingəçevirdə SSRİ birinciliyinin  “B” qrupunda  çıxış edəcək “Toxucu” futbol komandası yaradıldı. Komandanın heyətini formalaşdırmaq üçün kənar və yerli futbolçular  dəvət olundu və  seçim   görüşləri təşkil edildi. Toplantıya o vaxtlar  “Neftyanik” komandasının əvəzedici, arabir  isə əsas heyətdə də uğurla çıxış edən və yetərincə  texnikalı bir oyunçu, idman ustaları  Yusif  Allahverdiyev və  Baba Mustafayev rəhbərlik edirdilər. Qeyri təvəzökar səslənsə də, bu toplantıya,  yerli futbolçulardan  əsas namizədlərdən biri kimi mən də dəvət almışdım. Çox təəssüfki seçim görüşlərinin  birində sol dizimdən  ciddi zədə aldım və bununla da  mənim böyük futboldakı gələcək karyerama son qoyuldu.

Hərbi xidmətdə  olarkən  müalicə olunub  Qazaxıstanda-Türküstan hərbi dairəsinin birinciliyində  çıxış edirdim. Oyunların biri  zamanı  ikinci dəfə zədə aldım və ordu sıralarından qayıtdıqdan sonra doğma şəhərimin ustalardan  ibarət komandasında  oynamaq  mənə nəsib olmadı.

…İllər,  bir- birini əvəz edir. Hamımızın kirayəşini  olduğumuz  bu gəlimli -gedimli dünya isə  öz işindədir. Çox kədərlidir ki, bu  qələbənin təminatçılarının bir çoxu  artıq dünyasını dəyişib  Hamısına Ulu Tanrıdan rəhmət diləyirəm!  Hazırda bu komandadan  və  bu tarixi görüşü xatirələrində yaşadan cəmi 3 nəfər qalıb. Və fəxr edirəm ki, Mingəçevir futbolunun bu  möhtəşəm qələbəsinin  iştirakçısı olmuşam.

Şərhlər bağlıdır.