Mingəçevir Dövlət Universitetinin tələbə gəncləri 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş tədbir keçirib
2021-ci ilin 20 yanvar tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə “20 yanvar qəhrəmanlıq və iftixar tariximiz” mövzusunda tədbir keçirilib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
31 il əvvəl Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli 20 Yanvar qətliamı barədə danışan tələbə gənclər məhz şəhidlərimizin canı və qanı bahasına, yenilməz iradəsi sayəsində müstəqilliyin əldə edilməsinin mümkün olduğunu qeyd ediblər. Faciənin günahsız qurbanlarının yarımçıq qalmış həyat hekayələrindən bəhs edilən tədbirdə Azərbaycanın qəhrəmanlıq və iftixar tarixini yazmış şəhidlərimizin xatirəsinin uca tutulmasında müasir gəncliyin üzərinə düşən vəzifələrdən danışılıb.
Tələbə gənclərin təqdimatında şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş şeirlər və ədəbi-bədii kompozisiyalar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, tədbir Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində təşkil edilib.
Şərhlər bağlıdır.