2020-ci ilin 14 dekabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsilə görüşlər keçirib.
“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən görüşlərdə rektor, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə olunan şanlı qələbə və dörd gün əvvəl keçirilmiş tarixi Zəfər paradı münasibətilə tələbələri təbrik edib, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
44 günlük Vətən Müharibəsində MDU-nun tələbə, məzun və əməkdaşlarının da iştirak etməsindən qürur duyduğunu bildirən Ş.Bayramov, eləcə də, arxa cəbhədə göstərmiş olduqları həmrəyliyə və fəallığa görə tələbələrə təşəkkürünü bildirib.
Son aylarda müşahidə olunan yüksək yoluxma səviyyəsi nəzərə alınmaqla, COVID-19 infeksiyası ilə daha səmərəli mübarizə məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq edildiyini diqqətə çatdıran rektor tələbələri karantin rejiminin tələblərinə ciddi riayət etməyə və mümkün olan bütün mühafizə vasitələrindən istifadə etməyə çağırıb.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair əlavə tədbirlər barədə” 29 oktyabr 2020-ci il tarixli Qərarına əsasən MDU-da tədrisin distant (məsafədən) təşkili məsələlərinə toxunan Ş.Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq dəstəyi ilə məsafədən təhsilin keyfiyyətinin və effektivliyinin yüksəldilməsi istiqamətində universitetdə həyata keçirilən zəruri tədbirlərdən və tələbələr üçün yaradılan müvafiq imkanlardan danışıb.
Sosial həssaslığın yüksək olduğu mövcud şəraiti nəzərə alaraq, cari semestr ərzində tələbələrlə silsilə xarakterli çoxsaylı görüşlərin keçiridiyini, universitetin inzibati və akademik heyət üzvləri ilə tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə edildiyini diqqətə çatdıran rektor həmin görüşlərin MDU-nun idarə edilməsində və qəbul edilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakını təmin etmək baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Görüşlərdə 2020/2021-ci tədris ilinin payız semestrində tədrisin distant (məsafədən) təşkili, mühazirə və seminar dərslərinin keyfiyyəti, elektron tədris resursları ilə təminat, sərbəst işlərin yerinə yetirilməsi, kollokviumların keçirilməsi vəziyyəti, qiymətləndirmə mexanizmi, imtahana hazırlıq, eləcə də universitet həyatının digər aspektləri barədə rektor və tələbələr arasında geniş fikir mübadiləsi aparılıb.
MDU-da artıq ənənə halına çevrilən belə silsiləvi görüşlərin təşkilini yüksək qiymətləndirən tələbələr mövcud reallıqlar nəzərə alınmaqla universitetdə onların rahat və keyfiyyətli təhsil ala bilmələri üçün yaradılan əlverişli şəraitdən razılıqlarını ifadə ediblər.
Tələbələrin çıxışlarında pandemiya dövrünün çətinliklərinə baxmayaraq, təhsillə yanaşı digər fəaliyyət istiqamətləri üzrə də universitetdə tələbələrin karyera inkişafı baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərin davam etdirilməsi, o cümlədən online formatda elmi konfransların keçirilməsi, xarici və yerli universitetlərin mütəxəssisləri tərəfindən peşəkar təlimlərin təşkil edilməsi, beynəlxalq yarışda iştirakın dəstəklənməsinin böyük rəğbətlə qarşılandığı xüsusi qeyd olunub.
Tələbələr Vətən müharibəsində şəhid olmuş qəhrəman MDU məzunlarının ailələrinə xüsusi diqqətin göstərilməsi, onların əziz xatirələrinin uca tutulması, adlarının əbədiləşdirilməsi və göstərdikləri şücaətlərin təbliğ olunması istiqamətində universitetdə görülən işlərdən yüksək fəxarət və qürur hisləri keçirdiklərini bildiriblər.
Eyni zamanda, tələbələr pandemiya səbəbindən bir sıra layihələrin mövcud imkanlar çərçivəsində online formada reallaşdırılması və tələbə təşkilatlarının işinin təkmilləşdirilməsi istiqamətində təşəbbüs və təkliflərlə çıxış ediblər.
Tələbələrin səsləndirdikləri təkliflərə münasibət bildirən və onların çoxsaylı suallarına ətraflı cavab verən rektor Ş.Bayramov sonda MDU ailəsinin üzvləri olaraq universitet həyatında fəal iştirak etdiklərinə görə tələbələrə bir daha təşəkkürünü bildirib.
Qeyd edək ki, MDU-da analoji görüşlər davam etdiriləcəkdir.
Şərhlər bağlıdır.