Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetinin İspaniyada təhsil alan tələbələri ilə görüş keçirilib

2020-ci ilin 12 may tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Erasmus+ proqramı çərçivəsində hazırda İspaniya Krallığının Valladolid Universitetində təhsil alan MDU tələbələri Aidə Qurbanova, Zaur Məmmədov və Ülvi Aşurovla görüşüb.

Online formatda keçirilən görüşdə Ş.Bayramov qlobal pandemiya dövründə İspaniyada təhsil alan tələbələrin tədris prosesində iştirakı, onların gündəlik yaşayış durumu və Valladolid şəhərindəki mövcud karantin vəziyyəti ilə maraqlanıb. COVID-19 infeksiyası ilə mübarizə istiqamətində ölkəmizdə həyata keçirilən tədbirlər barədə danışan Ş.Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq pandemiya dövründə xaricdə təhsil alan tələbələrimizə xüsusi diqqət göstərildiyini diqqətə çatdırıb. Ş.Bayramov bu istiqamətdə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən zəruri tədbirlərin həyata keçirildiyini bildirib. Mövcud şərtlər daxilində hər üç tələbənin İspaniyada qalmasının və təhsilini başa çatdırmasının məqsədəuyğun hesab edildiyini bildirən Ş.Bayramov tələbələri yerli karantin rejiminin tələblərinə ciddi riayət etməyə və online dərslərdə fəal olmağa dəvət edib.

Görüşdə çıxış edən tələbələr Vallodolid Universitetində tədrisin xüsusiyyətləri, onlayn dərs prosesində iştirak və pandemiya şəraitində yaşayış şətləri barədə danışıblar. Son günlərdə İspaniyada infeksiya durumu ilə bağlı pozitiv trendin müşahidə olunduğunu bildirən tələbələr həm MDU, həm də ölkəmizin müvafiq dövlət strukturları tərəfindən onlarla daim əlaqə saxlandığını və müvafiq köməklik göstərildiyini vurğulayıblar.

Qeyd edək ki, MDU-nun yuxarıda adı qeyd olunan üç tələbəsi Avropa İttifaqının maliyyələşdirdiyi “Erasmus+” proqramı çərçivəsində 2019/2020-ci tədris ilinin yaz semestrində İspaniyanın Valladolid Universitetində təhsil alırlar.

 

Şərhlər bağlıdır.