29 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) İctimai Nəzarət Şurasının növbəti iclası keçirilib.
“ZOOM” platforması üzərindən online formatda təşkil olunan iclası giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan Ordusunun rəşadəti sayəsində əldə edilən şanlı tarixi qələbə münasibətilə Şura üzvlərini təbrik edib, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində canını fəda etmiş bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə şəfa diləyib.
44 günlük Vətən Müharibəsində torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə MDU-nun 4 əməkdaşının, 120-dən çox tələbə və məzunlarının iştirak etdiyini və 5 məzununun şəhdilik zirvəsinə ucaldığını bildirən rektor onlarla qürur duyduğunu bildirib. Döyüş tapşırıqlarını şərəflə və uğurla yerinə yetirdiklərinə, göstərdikləri mərdlik və igidliyə görə qəhrəman tələbə və məzunlarımızın Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə müxtəlif medallarla təltif edilməsinin MDU kollektivində böyük fəxarət hissi yaratdığı qeyd edilib.
Yüksək ixtisaslı mütəxəssislər hazırlamaqla yanaşı, universitetin başlıca məqsədlərindən birinin vətənə, xalqa və dövlətə bağlı layiqli vətəndaş yetişdirilməsi olduğunu diqqətə çatdıran Ş.Bayramov son günlərdə qəhrəman şəhidlərimizin əziz xatirəsinin ehtiramla anılması və onların adlarının uca tutulması, cəsur əsgər və zabitlərimizin keçdikləri şərəfli döyüş yolları, göstərdikləri şücaət və vətənpərvərlik nümunələri barədə məlumatların tələbə gənclər arasında təbliğ edilməsi istiqamətində universitetdə görülən işlərdən danışıb.
Əsas məqsədi universitet idarəçiliyində şəffaflığın artırılmasından və ictimai hesabatlılığın təmin edilməsindən ibarət olan MDU İctimai Nəzarət Şurasının yaradılmasının bir ilinin tamam olduğunu qeyd edən rektor yekunlaşmaqda olan 2020-ci ildə Mingəçevir şəhərinin tanınmış və nüfuzlu ziyalılarının təmsil olunduğu bu təsisatın universitet həyatının inkişafındakı rolundan və perspektiv əhəmiyyətindən bəhs edib.
Universitetin rəsmi internet səhifəsində və sosial şəbəkə hesablarında, ölkənin nüfuzlu mətbuat orqanlarında universitetin fəaliyyətinin geniş şəkildə işıqlandırılması ilə MDU-da ictimai hesabatlılıq ənənəsinin əsasının qoyulduğunu qeyd edən Ş.Bayramov həmin platformalar üzərindən ictimai rəyin öyrənilməsinin gələcək fəaliyyətin daha effektiv qurulması və reallaşdırılması baxımından önəmini də vurğulayıb.
Sonra rektor 2020-ci ildə universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və maddi-texniki bazanın yaxşılaşdırılması istiqamətində görülən işlər haqqında geniş çıxış edib. Cari ildə keçirilmiş struktur islahatları, profesor-müəllim və inzibati-texniki heyət üzvləri arasında gəncləşdirmə siyasəti ilə bağlı atılmış addımlar haqqında ətraflı məlumat verilib.
Pandemiya dövrünün mövcud çətinlikləri, Vətən müharibəsi ilə əlaqədar internetdə yaranmış məhdudiyyətlər səbəbindən cari ildə dərslərin fərqli təhsil şəraitində keçdiyini qeyd edən rektor, tədris prosesinin davamlılığının təmin edilməsində MDU-nun professor-müəllim, inzibati-idarə, tədris-köməkçi və texniki heyətinin, habelə tələbə və magistrantların həmrəyliyini və əməyini yüksək qiymətləndirib.
İclasda sosial həssaslığın yüksək olduğu mövcud şəraiti nəzərə alaraq, cari ildə tələbələrlə silsilə xarakterli çoxsaylı görüşlərin keçirilməsi, universitetin inzibati və akademik heyət üzvləri ilə tələbələr arasında çevik kommunikasiyanın qurulması üçün bütün mümkün online resurslardan və alətlərdən istifadə olunması, MDU-nun idarə edilməsində və qəbul edilən bütün qərarların müzakirəsində tələbələrin fəal iştirakının təmin edilməsi diqqətə çatdırılıb.
Cari ildə tədris prosesi ilə yanaşı, elmi fəaliyyətdə də davamlılığı təmin etmək məqsədilə MDU-da virtual formatda cəmiyyət həyatının bir sıra aktual poblemlərinə həsr olunmuş elmi konfransların, nəzəri-praktiki seminarların və dəyirmi masaların keçirildiyini qeyd edən Ş.Bayramov universitetin akademik heyət üzvlərinin respublika və beynəlxalq səviyyədə keçirilmiş müxtəlif formatlı elmi tədbirlərdə də fəal və layiqli səviyyədə təmsil olunduqlarını, nüfuzlu elmi nəşrlərdə məqalələrinin dərc olunduğunu bildirib.
Yola saldığımız 2020-ci il ərzində Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi, Azərbaycan Texniki Universitetinin 70 illiyi, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 100 illiyi münasibətilə MDU-da online formatda yubiley tədbirlərinin təşkil edildiyini diqqətə çatdıran rektor MDU-nun ölkəmizin qabaqcıl ali təhsil müəssisələri ilə qarşılıqlı faydalı əməkdaşlığın yaratdığı imkanlardan geniş söhbət açıb.
Bununla yanaşı, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin dəstəyi, Azərbaycan Turizm və Menecment Universitetinin, Mingəçevir Turizm Kollecinin tərəfdaşlığı ilə MDU-da “Turizm sahəsi üzrə kadr hazırlığında yeni çağırışlar: təcrübə və karyera imkanları” mövzusunda həyata keçirilmiş birgə layihənin turizm sahəsi üzrə mütəxəssis hazırlığında təhsil və sənaye əməkdaşlığı üçün əlverişli imkanlar yaratması bildirilib.
Sürətlə modernləşmə istiqamətində qarşıya qoyulan hədəflərə çatmaq üçün xarici universitetlərlə və beynəlxalq qurumlarla əməkdaşlığın rolundan bəhs edən Ş.Bayramov cari ildə Almaniyanın Siegen Universiteti, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə həyata keçirilmiş birgə layihələr haqqında məlumat verib.
Almaniyanın Siegen Universiteti ilə MDU arasında “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda birgə layihənin gənc tələbə və əməkdaşların sahibkarlıq bacarıqlarını inkişaf etdirməsi, startapların və bütövlükdə regional eko-sistemin inkişafına töhfə verməsi baxımından önəmi qeyd edilib.
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) ilə əməkdaşlıq çərçivəsində “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsinin həyata keçirildiyini bildirən rektor sözügedən Mərkəzin universitetdə sürətlə dəyişən əmək bazarının tələblərinə cavab verən yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasında və onların karyera inkişafında strateji rol oynayacağını vurğulayıb.
“Könüllülər ili” elan edilən 2020-ci ildə MDU tələbə gənclərinin könüllülük fəaliyyətinə aktiv cəlb olunmasını qeyd edən Ş.Bayramov COVİD-19 pandemiyasına qarşı mübarizədə və 44 günlük Zəfər Yürüşü zamanı arxa cəbhədə onların göstərdikləri fəallıqlardan danışıb.
Cari tədris ilində universitetə yüksək balla qəbul olan və “Gələcəyin müəllimi” təqaüdünə layiq görülən tələbələrin sayında artımın müşahidə edilməsi son dövrdə MDU-nun imicinin yüksəlməsi istiqamətində görülən işlərin nəticəsi olaraq qiymətləndirilib.
MDU-nun İctimai Nəzarət Şurasının üzvləri cıxış edərək müzəffər Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan əsgərlərinin sayəsində Vətən Müharibəsində əldə edilən möhtəşəm tarixi Zəfərin hər birimizdə sonsuz fəxarət və sevinc hissləri yaratdığını qeyd ediblər. MDU-nun modernləşdirilməsi, milli ali təhsil xəritəsində mövqeyinin gücləndirilməsi və universitet idarəçiliyinin təkmilləşdirilməsi sahəsində görülmüş işlərdən məmnunluqlarını ifadə edən Şura üzvləri pandemiya dövrünün məhdudiyyətlərinə baxmayaraq, universitetin bütün istiqamətlər üzrə fəaliyyətinin davamlılığını təmin etməsini mühüm nailiyyət olduğunu diqqətə çatdırıblar.
İclasın sonunda universitetin qarşısında dayanan vəzifələr və əsas gözləntilər barədə məlumat verən rektor Ş.Bayramov 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Şuranın bütün üzvlərini təbrik edib, onlara yeni təqvim ilində möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzulayıb.
Qeyd edək ki, MDU-nun İctimai Nəzarət Şurası 2019-cu ilin 28 dekabr tarixində yaradılıb. Şuranın tərkibinə “Mingəçevir işıqları” qəzetinin baş redaktoru, “Mingəçevir Valideynlər Assosiasiyası” İctimai Birliyinin prezidenti Fərman Nəbiyev, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusibov, Mingəçevir şəhər Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir şəhər Şəhiyyə İşçiləri Həmkarlar İttifaqı Şurasının sədri Allahverdi Alıyev, Mingəçevir şəhər Veteranlar Şurasının katibi Tahir Məmmədov və təqaüdçü Ağagül Əliyev daxildir.
Şərhlər bağlıdır.