AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində yeni tədris ilinə start verilib

2021-ci ilin 29 sentyabr tarixində yeni tədris ilinin başlanması ilə əlaqədar Mingəçevir Dövlət Universitetində (MDU) “İqtisadiyyat və idaretmə”, “Pedaqoji” və “Mühəndlislik” fakültələrinin tələbələri ilə silsiləvi görüşlər keçirilib.

Əvvəlcə, universitetin auditoriyalarında tələbələri salamlayan MDU-nun rektoru Şahin Bayramov yeni tədris ilinə və uzun fasilədən sonra ənənəvi tədrisə başlamaq münasibətilə onları təbrik edib və uğurlar arzulayıb.

Sonra, MDU-nun böyük akt zalında universitetin birinci və ikinci kurs tələbələri ilə görüşlər keçirilib.

Görüşlərdə universitetə yeni qəbul olan gəncləri təbrik edən rektor Ş.Bayramov müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və yenilməz Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərdən sonra ilk tədris ilində tələbələri auditoriyalarda görməkdən məmnunluğunu ifadə edib.

COVID-19 infeksiyasının hələ də aramızda olduğunu bildirən Ş.Bayramov ənənəvi tədris şəraitində tələbələri mövcud qaydalara daha həssas yanaşmağa, peyvəndlənməni başa çatdırmağa, tibbi maskadan istifadə etməyə, sosial məsafə saxlamağa, şəxsi gigiyena qaydalarına riayət etməyə və bunlarla bağlı aparılan maarifləndirmə işlərində fəal olmağa çağırıb.

Qabaqcıl yerli və xarici tərəfdaş universitetlərlə əməkdaşlığın, sənaye ilə işbirliyinin yaratdığı geniş imkanlar barəsində ətraflı məlumat verən rektor MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə, tələbələrin hərtərəfli inkişafına xidmət edən təhsil mühitindən daha fəal surətdə faydalanmağı gənclərə tövsiyə edib.

Tarixi Zəfərin əldə edilməsində gənc nəslin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsinin rolundan söz açan rektor son dövrdə universitetdə təhsilin məzmununda vətənpərvərliyin önəminin yüksəldilməsi ilə bağlı görülən işlərdən danışıb və tələbələri yeni yaradılan Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin fəaliyyətində aktiv olmağa dəvət edib.

Strateji hədəflərinə uyğun olaraq MDU-nun müasirləşməsi və idarəçiliyi prosesində tələbə iştirakçılığına xüsusi önəm verildiyini qeyd edən Ş.Bayramov gənclər üçün gözləntilərini diqqətə çatdırıb və yeni tədris ilində onlara uğurlar arzulayıb.

Sonra, tələbələr çıxış edərək MDU ailəsinin üzvü olmaqdan məmnun olduqlarını bildiriblər, göstərilən yüksək diqqət və həssaslığa görə universitet rəhbərliyinə təşəkkürlərini çatdırıblar.

Qeyd edək ki, yeni tədris ilinin başlanması ilə əlaqədar MDU-da tələbə və müəllim kollektivi üzvləri ilə ənənəvi olaraq silsiləvi görüşlər keçirilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close