AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 4 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Vətən Müharibəsində qazandığımız tarixi zəfər Heydər Əliyev siyasətinin təntənəsidir” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov müasir Azərbaycanın qurucusu olan Ulu Öndərimizin əziz xatirəsinin qədirbilən xalqımız tərəfindən hər zaman dərin ehtiramla yad edildiyini bildirib və Allahdan ona rəhmət diləyib. Əbədiyaşar liderimizin anadan olmasının növbəti ildönümünün ərazi bütövlüyümüzün təmin olunduğu dövrdə qeyd edildiyini vurğulayan rektor Ulu Öndərimizin ruhunun şad olmasına əminliyini ifadə edib.

Heydər Əliyevin tarixi torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində apardığı haqq mübarizəsinin onun layiqli siyasi varisi, möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən qalibiyyətlə başa çatdırılmasından bəhs edən Ş.Bayramov qazanılan tarixi zəfərin məhz Heydər Əliyev siyasətinin təntənəsi kimi qiymətləndirildiyini diqqətə çatdırıb.

Dahi şəxsiyyətin misilsiz xidmətlərinin və zəngin irsinin öyrənilməsi, təbliği və gənc nəslə çatdırılmasının ali təhsil müəssisələri qarşısında mühüm vəzifələr qoyduğunu bildirən rektor elmi-nəzəri konfransın əhəmiyyətindən danışıb. Konfransa böyük maraq göstərilməsindən söz açan Ş.Bayramov 10 ali təhsil müəssisəsindən və AMEA-nın 4 elmi-tədqiqat institutundan Ümummilli Liderimizin zəngin və çoxşaxəli fəaliyyətinin müxtəlif aspektlərinə həsr olunmuş 100-ə yaxın məruzə və tezisin daxil olması barədə məlumat verib.

“Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev fenomeninin əvəzsiz rolu” mövzusunda çıxış edən Azərbaycan Respublikası Təhsil nazirinin müavini Firudin Qurbanov nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Heydər Əliyevin ölkəmizin ən yeni tarixində müstəqil Azərbaycan dövlətinin siyasi, iqtisadi, hüquqi əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyət olduğunu qeyd edib. Dahi rəhbərin qəbul etdiyi qərarların, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlərin və tarixi tövsiyələrin bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə töhfə verdiyini vurğulayan F.Qurbanov Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına və beynəlxalq standartlara cavab verən hazırkı səviyyəyə çatması və inkişafı istiqamətində Ümummilli Liderin müstəsna xidmətlərindən bəhs edib. Ulu Öndərin müəllim peşəsinə və gənclərin xaricdə təhsilinə böyük dəyər verdiyini bildirən F.Qurbanov bu diqqətin sayəsində yetişən yüksək ixtisaslı kadrların müasir Azərbaycanın hərtərəfli inkişafında yaxından iştirak etdiklərini qeyd edib.

“Vətən Müharibəsi Heydər Əliyev siyasətinin tarixi qələbəsidir” mövzusunda çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ümummilli Liderimizin möhtəşəm xilaskarlıq missiyasından və tarixi qələbəyə aparan yolda misilsiz xidmətlərindən söhbət açıb. Bu gün Heydər Əliyev ideyalarından güc alaraq inkişaf edən yeni nəsilin şanlı bir tarix yazdığını qeyd edən İ.İsmayılov Ulu Öndərin xalqımızı xoşbəxt gələcəyə və davamlı qələbələrə aparan nur mənbəyi kimi hər zaman böyük hörmətlə və sonsuz məhəbbətlə yad ediləcəyini bildirib. O, 2020-ci ilin 10 dekabr tarixində keçirilən Qələbə Paradındakı hər bir məqamda – Prezidentlərin çıxışlarında, mərasimin təşkilati elementlərində, əsgərlərin yerişlərində, səsləndirilən hərbi marşlarda, Azadlıq meydanının möhtəşəm aurasında, insanların sevinc dolu çöhrələrində Heydər Əliyev dühasının parlaq cizgilərinin göründüyünü diqqətə çatdırıb.

“İlham Əliyev: Ulu Öndərin vəsiyyətini reallaşdıran sərkərdə” mövzusunda çıxış edən millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Şahin Seyidzadə Ümummilli Liderin doğma Qarabağımızı azad görmək arzusundan, tarixi ədalətin bərpa olunması istiqamətində onun yorulmaz fəaliyyətindən və yüksək əzmkarlığından bəhs edib. Ulu Öndərin müasir Azərbaycanın nizami ordusunun yaradılmasındakı misilsiz xidmətlərindən bəhs edən Ş.Seyidzadə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da güclənən dövlət, ordu və xalq birliyi sayəsində Heydər Əliyevin arzusunun və vəsiyyətinin yerinə yetirildiyini bildirib. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycanda yeni dövrün başlandığını vurğulayan Ş.Seyidzadə hazırda doğma Qarabağımızın dirçəlişi sahəsində həyata keçirilən irimiqyaslı və sistemli tədbirlər barədə danışıb.

“Heydər Əliyev: dahi şəxsiyyət və müasir Azərbaycanın qurucusu” mövzusunda çıxış edən MDU-nun rektoru Ş.Bayramov müasir Azərbaycanın memarı olan Heydər Əliyevin öz müdrikliyi və uzaqgörənliyi ilə qlobal siyasətin aparıcı simalarından biri olduğunu vurğulayıb. Hazırda regional və qlobal miqyasda söz sahibinə çevrilmiş, geosiyasətin mahiyyətini milli maraqlara uyğun şəkildə dəyişən Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu qeyd edən Ş.Bayramov bu gün dahi rəhbərimizin qiymətli mirasının etibarlı əllərdə olduğunu diqqətə çatdırıb. O, Ümummilli Liderin layiqli davamçısı olan möhtərəm Prezidentimizin rəhbərliyi ilə hazırda qalibiliyyətlərlə dolu yeni dövrün şanlı tarixinin yazıldığını diqqətə çatdırıb

“Ümummilli liderin siyasi portreti” mövzusunda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov Heydər Əliyevin yalnız Azərbaycan xalqının deyil, bütövlükdə müsəlman-türk dünyasının görkəmli öndərlərindən biri, tarixin gedişatını dəyişə bilən və yeni tarix yaradan dövlət xadimi olduğunu deyib. Respublikamızın çoxəsirlik dövlətçilik tarixində Heydər Əliyev dövrünün misilsiz əhəmiyyətindən danışan C.Yusubov həmin dövrü çağdaş Azərbaycan tarixinin ən şanlı və parlaq səhifələrindən biri kimi dəyərləndirib. Heydər Əliyevin Yeni Azərbaycan Partiyasının yaradılması sahəsində tarixi xidmətlərindən bəhs edən C.Yusubov Ümummilli Liderin məqsədyönlü və uzaqgörən siyasətinin hazırda muasir dövrün tələblərinə, reallıqlarına və qanunauyğunlaqlarına uyğun şəkildə uğurla davam etdirildiyini bildirib.

“Heydər Əliyev ideyalarına sadiq Azərbaycan gəncliyinin Vətən Müharibəsində fəal iştirakı” mövzusunda çıxış edən MDU-nun gənc müəllimi, Vətən Müharibəsi iştirakçısı Qaragöz Kərimov əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin uğurlarından danışıb. Heydər Əliyevin gənclərin yaxşı təhsil alması və vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsinə böyük əhəmiyyət verdiyini vurğulayan Q.Kərimov gənc nəslin məhz Ümummilli Liderin müəllifi olduğu Azərbaycançılıq ideologiyası ilə yetişdiyini bildirib. Müasir Azərbaycan gənclərinin Vətən Müharibəsində göstərdikləri şücaətlərin şahidi olduğunu qeyd edən Q.Kərimov tarixi zəfərin qazanılmasında iştirakın bəxş etdiyi iftixar hissi ilə yaşadığını diqqətə çatdırıb.

Elmi konfrans öz işini bölmə iclası ilə davam etdirib.

Qeyd edək ki,  MDU-da ümummilli lider Heydər Əliyevə həsr olunan elmi tədbirlərin keçirilməsinə xüsusi diqqət yetirilir. Dahi şəxsiyyətin irsinin araşdırılması və tələbə gənclərə ötürülməsi universitetdə vətəninə, dövlətinə və xalqına bağlı, layiqli, vətənpərvər mütəxəssislərin yetişdirilməsi işinə böyük töhfə verir.

Daha çox

Oxşar yazılar

Close