2022-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin tabeliyində olan Şəki Destinasiya Menecmenti Təşkilatının dəstəyi və təşkilatçılığı ilə hazırlanmış “Turizm destinasiyalarının idarəedilməsi” kitabının təqdimatı keçirilib. MDU Karyera və İnkişaf Mərkəzinin və İqtisadiyyat kafedrasının birgə təşkilatçılığı ilə keçirilən təqdimatda universitetin akademik və inzibati heyət üzvləri, tələbələr və magistrantlar iştirak ediblər.
Təqdimat mərasiminin açılışında MDU-nun rektoru Şahin Bayramov, Şəki Regional Turizm İnformasiya Mərkəzinin (Şəki Destinasiya Menecmenti Təşkilatı) direktoru Səbinə Yadullayeva və Gəncə Regional Turizm İnformasiya Mərkəzinin (Gəncə Destinasiya Menecmenti Təşkilatı) direktoru Zaur Bayramov çıxış ediblər.
Açılış nitqində qonaqları və iştirakçıları salamlayan rektor Ş.Bayramov turizmin inkişafı ilə əlaqədar dövlət tərəfindən sistemli və kompleks tədbirlərin həyata keçirildiyi hazırki dövrdə belə aktual mövzuda kitabın yazılmasını təqdirəlayiq hal kimi dəyərləndirib.
MDU-da turizm sahəsi üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi və bununla əlaqədar tədris resurslarının müasir dövrün tələblərinə uyğun müntəzəm yenilənməsinin diqqət mərkəzində saxlanıldığını qeyd edən rektor kitabın universitetin akademik heyət üzvləri və tələbələri üçün faydalı olacağına inandığını söyləyib, dərs vəsaitinin müəlliflərinə və çap olunmasında əməyi olanlara təşəkkürünü bildirib.
Turizm sahəsində ixtisaslı və təcrübəli kadrlara olan təlabatın ödənilməsində turizm üzrə ali təhsil proqramlarını həyata keçirən universitetlərlə işbirliyinin önəmini diqqətə çatdıran Gəncə Regional Turizm İnformasiya Mərkəzinin direktoru Z.Bayramov bu istiqamətdə təmsil etdiyi qurumun fəaliyyəti barədə məlumat verib və təqdim olunan kitabın turizm təhsilinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Şəki Regional Turizm İnformasiya Mərkəzinin direktoru və kitabın həmmüəlliflərindən biri Səbinə Yadullayeva 7 müəllif və 3 redaktorun iştirakı ilə hazırlanmış dərs vəsaitinin ərsəyə gəlməsində görülən işlər barədə ətraflı məlumat verib.
Bildirilib ki, destinasiya idarəetməsi mövzusu ilə əlaqəli Azərbaycan dilində ilk olan bu kitab 223 səhifəlik dərs vəsaitidir. “Destinasiyaların yaranması və inkişafının nəzəri əsasları”, “Turizm destinasiyalarının planlaşdırılması və idarə edilməsi”, “Turizm destinasiyaların cəlbediciliyi və dayanıqlılığı”, “Dəyişən dünya üçün destinasiya marketinqi”, “Milli turizm təşkilatları: Onların turizmin inkişafında yeri və rolu” adlı 5 fəsildən ibarət kitabda 17 bölmə var. Çap edilmiş dərs vəsaitləri tələbələrə çatdırılması üçün ölkənin turizm təhsili verən universitetlərinin kitabxanalarına paylanılacaq.
Sonra təqdimatda çıxış edən universitetin kollektiv üzvləri destinasiya idarəedilməsi mövzusunda Azərbaycan dilində mövcud dərs vəsaiti çatışmazlığının aradan qaldırılması baxımından kitabın hazırlanmasını və universitetlərə paylanılmasını yüksək qiymətləndiriblər və bu istiqamətdə fəaliyyətlərin davamlı olmasını arzulayıblar.
Təqdimat mərasimi iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da turizm təhsilinin keyfiyyətinin yüksəldilməsi və məzmununun yenilənməsi diqqət mərkəzində saxlanılır, bu məqsədlə yerli və xarici tərəfdaşlarla birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.