25 noyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Tələbə Elmi Cəmiyyətinin (TEC) XII elmi-praktiki konfransı keçirilib. ”Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransda MDU-nun Pedaqoji, Mühəndislik, İqtisadiyyat və idarəetmə fakültələrinin tələbə, magistr və professor-müəllim heyəti üzvləri iştirak ediblər.
Konfransda giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov tələbələrin elmi fəaliyyətə cəlb olunmasının onların yüksək ixtisaslı mütəxəssis kimi yetişməsində mühüm rol oynadığını qeyd edib. Son dövrdə MDU-da tələbələr arasında aktual mövzulara həsr edilən elmi konfransların və seminarların davamlı surətdə keçirilməsindən məmnunluğunu bildirən rektor bu tipli elmi tədbirlərin gənclərin tədqiqat bacarıqlarını inkişaf etdirdiyini və elmi potensialını artırdığını bildirib.
Proqrama daxil olan məruzələrin daha çox işğaldan azad edilmiş doğma yurdlarımızın dirçəlişi ilə bağlı olduğunu diqqətə çatdıran Ş.Bayramov gənclərin belə mövzularda tədqiqatlara maraqlarının artmasını yüksək qiymətləndirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra, konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.
MDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin tələbələrindən Gültəkin Musazadə “Möhtəşəm qələbədən böyük qayıdışa doğru”, Gülnar Nəsirova və Zəminə Məmmədova “İşğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində dövlətin regional siyasətinin yeni hədəfləri və Qarabağ iqtisadiyyatının dirçəlişi”, Rəcəb Tanrıverdiyev, Ülkər Musazadə və Dəyanət Səfərov “Qarabağda yenidənqurma və bərpa işlərinin vüsət alması”, Xanımtər Vəliyeva və Zamin Cəfərov “Vətən müharibəsindən sonrakı dövrdə Qarabağa xarici dəstək” mövzularında çıxış ediblər.
Mühəndislik fakultəsinin tələbələrindən Hüseyn Əliyev “Minalanmış ərazilərin yaratdığı ekoloji problemlər”, Həsən Məmmədzadə “Vətən müharibəsindən sonra Qarabağ və onun ətraf rayonlarının enerji infrastrukturunun inkişafı” və Şamxal Hüseynov “Azərbaycanın nəqliyyat potensialı” mövzularında məruzələrini təqdim ediblər.
Pedaqoji fakültənin tələbələrindən Aytac İlyasova “Nizami Gəncəvinin “Yeddi gözəl” poemasında xeyir və şəri təmsil edən insan obrazları”, “Zülfiyyə Məmmədova: “Birdərəcəli müqayisələrin həlli üsulları” və Səidə Abdullayeva “Xarici dillərin öyrənilməsində informasiya texnologiyalarının əhəmiyyəti” mövzularında çıxış ediblər.
Tələbə və müəllim kollektivi üzvləri tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da tələbələrin elmi fəaliyyətə cəlbinin təşviq edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.