AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində Silahlı Qüvvələr Gününə həsr olunmuş konfrans keçirilib

2021-ci ilin 24 iyun tarixində Mingəçevir Dövlət Universitetində 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Müzəffər Milli Ordu güclü, müstəqil Azərbaycan dövlətinin qarantıdır” mövzusunda elmi konfrans keçirilib.

“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil olunan konfransı giriş sözü ilə açan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, əlamətdar tarixi gün münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edib.

Otuz il işğal altında olan əzəli torpaqlarımızın müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və Azərbaycan silahlı qüvvələrinin rəşadəti sayəsində azad edilməsindən söhbət açan rektor 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qalibiyyətin yaşatdığı sonsuz sevinc və fəxarət hissləri ilə bayram gününün qeyd edilməsindən qürurlandığını bildirib.

Azərbaycanda ordu quruculuğunun məhz ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğunu vurğulayan Ş.Bayramov möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı məqsədyönlü, düşünülmüş və sistemli siyasət sayəsində hazırda ölkəmizin müasir standartlara cavab verən və regionda ən qüdrətli silahlı qüvvələrə sahib olduğunu qeyd edib.

Tarixi zəfər yürüşündə düşmənə sarsıdıcı zərbələr vuraraq qısa müddət ərzində Azərbaycan bayrağının doğma Qarabağımızda dalğalandırılmasını şanlı ordumuzun gücünün ən bariz göstəricilərindən hesab edilidyini deyən rektor “Dəmir yumruq” adı ilə aparılan uğurlu hərbi əməliyyat modelinin hazırda dünya tərəfindən nümunəvi təcrübə olaraq öyrənilməsindən danışıb.

Bu gün ölkəmizin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinin etibarlı şəkildə qorunduğunu diqqətə çatdıran Ş.Bayramov gələcəyin əsgərləri olacaq tələbə gənclərin yüksək vətənpərvərlik ruhunda yetişdirilməsi istiqamətində universitetdə görülən işlər və qarşıda dayanan vəzifələr haqqında ətraflı məlumat verib.

Sonra konfransın proqramına uyğun olaraq məruzələr dinlənilib.

MDU-nun akademik heyət üzvlərindən baş müəllim İlham Məmmədov “Milli Ordumuzun qəhrəmanlıq epopeyası: “Vəhşi diviziyadan”  Zəfər savaşına aparan şanlı yol”, dosent Esmira Cəfərova “15 iyun Şuşa Bəyannaməsi dünyaya ünvanlanmış sülh mesajıdır”, müəllim, Vətən müharibəsi iştirakçısı Qaragöz Kərimov “Azərbaycan gəncliyi Milli Ordumuzun müsəlləh əsgəridir”, Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzinin koordinatoru Minayə Hüseynova “Şəhidlik müqəddəsliyin ali məqamı kimi” mövzusunda məruzələr ilə çıxış ediblər.

Məruzələrdə tarixi zəfərlə nəticələnən Vətən müharibəsində Azərbaycanın rəşadətli silahlı qüvvələrinin sarsıdıcı və yenilməz gücündən, döyüş meydanlarında cəsur əsgərlərimizin göstərdiyi yüksək vətənpərvərlik, qəhrəmanlıq və fədakarlıq nümunələrindən, dövlətimizin regionda sülhün və təhlükəsizliyin təminatına hədəflənmiş siyasətindən bəhs edilib.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Close