Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universitetində payız semestrinin imtahan sessiyası uğurla yekunlaşıb

189

Mingəçevir Dövlət Universitetində (MDU) 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla başa çatıb. Azərbaycan Respublikasının Təhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 11 dekabr 2020-ci il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil olunan bütün imtahanlar “Microsoft Teams” platforması üzərindən distant (məsafədən) formada baş tutub.

2021-ci ilin 11 yanvar – 6 fevral tarixlərində şifahi qaydada keçirilən onlayn imtahan sessiyasında bakalavriat səviyyəsi üzrə 135 qrupda təhsil alan 2487 tələbə 760 imtahanda iştirak edib. Mövcud reallıqların və fərdi halların həssaslıqla nəzərə alınması nəticəsində imtahanlarda tələbələrin 100 faiz iştirakçılığına nail olunub.

İmtahanların nəticəsinə əsasən tələbələrin 61,2 faizi 51-100 bal, 26,5 faizi 71-100 bal, 11,9 faizi isə 91-100 bal ilə qiymətləndirilib. Cəmi 11 halda qeyri-kafi qiymətin qeydə alındığı payız semestrinin imtahan sessiyasında Apellyasiya Komissiyasına ümumilikdə 16 müraciət daxil olub.

Magistratura səviyyəsində isə 22 qrup üzrə ümumilikdə 116 imtahan keçirilib və 100 faiz iştirakçılıq qeydə alınıb. Magistrantların 40 faizi 71-100 bal, 54,3 faizi isə 91-100 bal ilə qiymətləndirilib.

Qeyd edək ki, MDU-da 2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etmək, yаrаnа biləcək nеqаtiv hаllаrı operativ surətdə aradan qaldırmaq məqsədilə universitet üzrə müvafiq əmr imzalanıb. Sözügedən əmr əsasında sessiyaya hazırlıq istiqamətində görülmüş kompleks tədbirlər və struktur bölmələr arasında aparılmış sistemli funksional bölgü sayəsində bütövlükdə imtahan prosesinin operativ və çevik şəkildə idarə olunması təmin edilib. Bununla yanaşı, imtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsi üçün “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu”, “Texniki dəstək qrupu”, “Apellyasiya Komissiyası” və tələbələrdən ibarət “Könüllülər qrupu” fəaliyyət göstərib.

Mövcud şəraitdə imtahan sessiyası ərzində təhsilalanların istəklərini, problem və təkliflərini dinləmək məqsədilə çevik kommunikasiya vasitələrindən biri kimi MDU rektorunun iştirakı ilə hər həftə onlayn “Açıq qapı” günləri keçirilib. Tələbə, magistrant, valideyn və ictimaiyyət nümayəndələrindən daxil olan çoxsaylı müraciətlərdə MDU-da məsafədən keçirilən imtahanlardan məmnunluq ifadə edilib.

Şərhlər bağlıdır.