Mingəçevir Dövlət Universitetində Nizami Gəncəvinin 880 illiyinə həsr olunan tədbir keçirilib
2021-ci ilin 28 dekabr tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Pedaqoji fakültənin təşkilatçılığı ilə Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinə həsr olunmuş “Söz dünyasının günəşi” adlı tədbir keçirilib. Tədbirdə universitetin akademik və inzibati heyət üzvləri, tələbə və magistrantlar iştirak ediblər.
Tədbirdən əvvəl, MDU-nun bir qrup tələbə və əməkdaşı Gəncə şəhərində Nizami Gəncəvinin məqbərəsini ziyarət edib, dahi şairin əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib və “Nizami” muzeyi ilə tanış olublar.
MDU-nun böyük akt zalında keçirilən tədbirə universitetin gənc əməkdaşları Şəlalə Quliyeva və Xədicə Əliyeva aparıcılıq ediblər. Bildirilib ki, tədbir Azərbaycanın böyük şairi Nizami Gəncəvinin zəngin ədəbi və mədəni irsinin təbliğinə töhfə vermək məqsədi daşıyır.
Tədbirdə MDU-nun Pedaqoji fakültəsinin tələbələrinin ifasında Azərbaycanın böyük şairinin əsərlərindən parçalar, onun qəzəllərinə bəstələnmiş mahnılar səsləndirilib və Nizami Gəncəvinin “Xəmsə”sinə daxil olan poemalarından kiçik səhnəciklər nümayiş etdirilib.
Tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilməsi ilə əlaqədar olaraq, MDU-da dünya ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş müxtəlif formatda çoxsaylı tədbirlər həyata keçirilib, dahi şairin zəngin irsinin öyrənilməsi və təbliğinə xüsusi önəm verilib.
Şərhlər bağlıdır.