Mingəçevir Dövlət Universitetində əməkhaqları artırılıb
16 oktyabr 2019-cu il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbədənkənar iclası keçirilib.
İclasda MDU əməkdaşlarının aylıq əməkhaqqının artırılması məsələsi müzakirə olunub. Məsələ barədə ətraflı məlumat verən rektor Şahin Bayramov “Ali təhsil müəssisələrində və magistratura səviyyəsi üzrə Azərbaycan Milli Elmlər Akademiyasında yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 oktyabr 2019-cu il tarixli 428 nömrəli Qərarının bütün ali təhsil ictimaiyyəti kimi MDU əməkdaşları tərəfindən də böyük sevinc hissi ilə qarşılandığını diqqətə çatdırıb.
Ölkə başçısı tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin məzmununda vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılmasının prioritet məsələlərdən olduğunu qeyd edən Ş.Bayramov 2019-cu il ərzində bu yöndə atılmış addımlardan bəhs edib və minimum əməkhaqqının bu il ərzində iki dəfə yüksəldilməsini xüsusi vurğulayıb. O, ölkə başçısının təhsil sahəsinə yüksək diqqət və qayğısı, o cümlədən təhsil işçilərinin sosial rifahının gücləndirilməsi istiqamətində verdiyi qərarlar barədə məlumat verib və Nazirlər Kabinetinin yuxarıda qeyd olunan Qərarını həmin tədbirlərin davamı kimi səciyyələndirib.
Ş.Bayramov Azərbaycan Respublikası Təhsil Nazirliyinin cari ilin 7 oktyabr tarixində keçirilmiş Kollegiya iclasında sözügedən qərarın ətraflı müzakirə olunduğunu və bu qərardan irəli gələn vəzifələr barədə ali təhsil müəssisələrinə müvafiq təlimatların verildiyini Elmi Şura üzvlərinin diqqətinə çatdırıb.
İclasda dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində hər bir təhsilalana düşən təhsil xərclərinin miqdarının yüksəldilməsi nəticəsində MDU-nun gəlirlərində gözlənilən mümkün artımlar, eləcə də cari tədris ilində universitetdə ödənişli əsaslarla təhsil alan tələbələrin ümumi sayındakı artım nəzərə alınmaqla, MDU-da 1 sentyabr 2019-cu il tarixindən etibarən aylıq əməkhaqqının professor-müəllim heyəti üzrə orta hesabla 15.2%, inzibati-idarə, tədris-köməkçi və xidmətedici heyət üzrə orta hesabla 13.6% artırılmasına dair qərar qəbul olunub. Eyni zamanda, iclasda MDU-da eyni vəzifə tutan əməkdaşlar üçün vahid vəzifə maaşı müəyyən edilməsi təklifi bəyənilib.
İclasda edilən çıxışlarda göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq bildirilib.
Şərhlər bağlıdır.