Mingəçevir Dövlət Universitetində “Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində təlimlərə start verilib
26 dekabr 2020-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) tərəfindən maliyyələşdirilən “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi çərçivəsində “Karyera məsləhətçiliyi” təlimlərinə start verilib. Təlimlərdə MDU-nun bir qrup akademik və inzibati heyət üzvləri, tələbə, magistrant və doktorantları iştirak edir.
Gələcəkdə Karyera Mərkəzinin fəaliyyətinə dəstək göstərək heyət üzvlərinin potensialının inkişaf etdirilməsi, karyera bələdçiliyi sahəsində bilik və bacarıqlarının artırılması məqsədilə “ZOOM” platforması üzərindən online formatda təşkil olunan təlimlər GIZ-in elan etdiyi tenderin qalibi Career Guide şirkətinin direktoru Toğrul Ələkbərov tərəfindən həyata keçirilir.
İki ay müddətində davam edəcək təlimlər karyera məsləhətçisinin bacarıqları və məsuliyyəti, insan inkişafı nəzəriyyələri, karyera planlaşdırılması, əmək bazarı və gələcək bacarıqlar, iş axtarışı alətləri, iş müsahibələrinə hazırlıq, tənqidi düşünmə, kommunikasiya, natiqlik, təqdimat bacarıqları, karyera mərkəzinin effektiv idarə edilməsi və digər mövzuları əhatə edəcəkdir.
Qeyd etmək lazımdır ki, “MDU-da Karyera Mərkəzinin yaradılması və inkişafı” layihəsi GIZ tərəfindən həyata keçirilən “Qafqazda aztəminatlı məcburi köçkünlərin və yerli əhalinin iqtisadi, sosial inkişafı” (EPIC) proqramı çərçivəsində dəstəklənir. Layihə çərçivəsində Mingəçevir Asan Peşə Məktəbində də analoji mərkəzin yaradılması nəzərdə tutulub.
Layihənin növbəti mərhələsində “Karyera Mərkəzinin 2021/2022-ci illər üzrə Strategiyası” layihəsinin hazırlanması, layihə müddətində və sözügedən Strategiyanın reallaşdırılması dövründə Karyera Mərkəzinin işçi heyətinə konsaltinq dəstəyinin (follow-up consultancy) göstərilməsi, “Karyera məsləhətçisi” kitabçasının (Career consultant handbook) hazırlanması, monitorinq və qiymətləndirmə işləri aparılacaqdır.
Şərhlər bağlıdır.