Mingəçevir Dövlət Universitetində “Bilik günü” qeyd olunub
Mingəçevir Dövlət Universitetində (MDU) “Bilik günü” və 2019/2020-ci tədris ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə universitetin professor-müəllim heyəti, tələbə və valideynlər, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Bilik günü” və yeni tədris ilinin başlanması münasibətlə universitetin professor-müəllim və inzibati-texniki heyət üzvlərini, tələbələri və valideynləri təbrik edib.2019-cu ildə tələbə adını qazanaraq MDU-ya qəbul olmuş birinci kurs tələbələrini, onların valideynlərini və müəllimlərini ayrıca təbrik edən rektor MDU-nu seçdikləri üçün onlara bütün kollektiv adından təşəkkürünü bildirib.
Ş.Bayramov əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş milli dövlətçilik siyasətimizin hazırda möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, cəmiyyət həyatının bütün sahələrində olduğu kimi, ali təhsil sahəsində də əhəmiyyətli uğurların əldə edildiyini və ali təhsilin inkişafına yüksək dövlət qayğısının göstərildiyini diqqətə çatdırıb. Hazırda ali təhsilimizin məzmununun sürətlə dəyişdiyini və inkişaf etdiyini vurğulayan rektor ölkə başçısı tərəfindən təsdiq olunan “2019-2023-cü illərdə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın əhəmiyyətindən, həmin Proqramın ali təhsil müəssisələri, o cümlədən MDU qarşısında qoyduğu yeni vəzifələrdən danışıb.
Ş.Bayramov tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi yetişməsi, gələcəkdə uğurlu karyera qurması, ən əsası xalqımıza və dövlətimizə layiq vətəndaş kimi yetişməsi üçün MDU-da bütün zəruri şəraitin yaradılacağını bildirib. O, tələbələri professor-müəllim heyəti üzvlərinin köməyi ilə yüksək akademik nailiyyətlər əldə etməklə bərabər, təqdim olunacaq imkanlardan faydalanmaqla MDU-nun və Mingəçevir şəhərinin ictimai həyatında aktiv iştirak etməyə, könüllülük fəaliyyətinə, startap və digər layihələrdə fəal iştiraka, idmanla məşğul olmağa dəvət edib.
Əsas hədəfin MDU-nu paytaxt universitetləri səviyyəsinə çatdırmaqdan ibarət olduğunu qeyd edən Ş.Bayramov, professor-müəllim və tələbə heyətinin potensialından, eləcə də dövlətin, Təhsil Nazirliyinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və digər tərəfdaşların dəstəyindən faydalanmaqla həmin hədəfə çatacaqlarına əminliyini ifadə edib.
Universitet kollektivini və tələbələrini təbrik edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yeni tədris ilində MDU-ya tədris və elmi fəaliyyətdə yeni nailiyyətlər arzulayıb. İ.İsmayılov Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə təhsilin, o cümlədən ai təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edərək hazırda cənab Prezident İlham Əliyevin milli ali təhsilimizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərini qeyd edib. O, sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı üçün yüksək ixtisaslı mütəxəssis hazırlığında universitetlərin davamlı artan rolunu xüsusi vurğulayıb. 2015-ci ildə ölkə başçısının müvafiq sərəncamı ilə MDU-nun yaradılmasını Mingəçevir şəhəri üçün önəmli hadisə olduğunu bildirən İ.İsmayılov bu ali təhsil müəssisəsinin şəhərin ictimai həyatında fəal rol oynadığını və məzunların şəhərin sosial-iqtisadi inkişafına mühüm töhfələr verdiyini diqqətə çatdırıb.
Azərbaycan Respublikasının Milli Məclisinin üzvü Aydın Mirzəzadə universitet rəhbərliyini, professor-müəllim və tələbə heyətini təbrik edərək MDU-nun milli ali təhsilimiz və Mingəçevir şəhərinin ictimai həyatı üçün əhəmiyyətini önə çəkib. Birinci kurs tələbələrinə müraciət edən məllət vəkili onların MDU-nu seçməklə düzgün addım atdıqlarını vurğulayıb və bu ali təhsil müəssisəsində cəmiyyətimiz üçün faydalı mütəxəssis kimi yetişmələri üçün zəruri potensialın mövcudluğunu bildirib. Azərbaycan Respublikasının ikinci dəfə müstəqillik əldə etməsindən keçən dövrdə fəaliyyət göstərən MDU-nun məzunlarının iqtisadiyyatın müxtəlif sahələrində, dövlət və özəl strukturlarında uğurla çalışdıqlarını qeyd edən A.Mirzəzadə hazırda universitetin növbəti mərhələdə inkişafı və ali təhsil sistemində mövqeyinin daha da yaxşılaşdırılması üçün yeni imkanların yarandığını vurğulayıb. Təhsil sahəsində əldə olunan bütün uğurların əsasında ölkə başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin dayandığını qeyd edən millət vəkili tələbələrə yaradılan şəraitdən maksimum dərəcədə faydalanmağı tövsiyə edib.
Qəbul imtahanlarında MDU üzrə ən yüksək (622 bal) nəticə göstərərək “Riyaziyyat və informatika müəllimliyi” ixtisasına qəbul olmuş Alsu Məmmədova, “Erasmus+” proqramı çərçivəsində Avropada təhsil almış “İqtisadiyyat” ixtisası üzrə IV kurs tələbəsi Rasta Paşayeva, valideyn Rüxsarə Hüseynova tədbirdə çıxış edərək MDU-nu seçməklə doğru seçim etdiklərini, burada ali təhsil üçün yaradılan şəraitdən razı qaldıqlarını və universitetin gələcək uğurlarında pay sahibi olmağa çalışacaqlarını bildiriblər.
Tədbirin sonunda MDU-ya yüksək balla qəbul olan bir qrup gəncə tələbə biletləri, o cümlədən Alsu Məmmədovaya qiymətli xatirə hədiyyəsi təqdim edilib.
Tədbirin rəsmi hissəsi bitdikdən sonra universitetin yeni avadanlıqlarla təchiz edilmiş kitabxanasına və auditoriyalarına baxış keçirilib.
Bilik günü tədbirinin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.
Şərhlər bağlıdır.