Mingəçevir Dövlət Universitetində beynəlxalq elmi konfransın “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib
11 dekabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Respublikasının Təhsil və İqtisadiyyat nazirliklərinin, Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər” mövzusunda beynəlxalq elmi konfrans çərçivəsində “Təhsil və humanitar elmlər” bölməsinin iclası keçirilib.
“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən iclasda giriş sözü ilə çıxış edən bölmə rəhbəri, MDU-nun Humanitar fənlər kafedrasının müdiri Esmira Cəfərova konfransın “Təhsil və humanitar elmlər” bölməsinə 188 yerli, 18 xarici olmaqla, ümumilikdə, 206 teziz və məqalə daxil olduğunu bildirib.
Bölmə iclasında təqdim ediləcək mövzular və məruzəçilər barədə məlumatlar verildikdən sonra çıxışlara başlanılıb.
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutundan Rəna Mirzəzadə “Qlobal Bakı Forumu: Birlik+Sülh – COVID-19 və qlobal münaqişələrdə qaliblik yolu”, Tarix İnstitutundan Nigar Axundova “Müasir dövrdə Azərbaycan mədəniyyətinin inkişafında kitabxanaların rolu”, Gəncə bölməsindən Elnur HƏSƏNOV “Nizami Gəncəvi irsində davamlı inkişaf məsələlərinin tədqiqi”, Türkiyənin Düzce Universitetindən Gökmen Kılıçoğlu “Qarabağ münaqişəsində Türkiyənin Azərbaycana dəstək mövqeyi”, Qırğız İqtisad Universitetindən Nazgül Biynazarova “Dramatikləşdirmə vasitələrindən istifadə etməklə tələbələrin kommunikativ inkişaf bacarıqlarının nəzəri əsaslandırılması”, Kiyev Milli Texnologiya və Dizayn Universitetindən Tatyana Astistova “Rəqəmsallaşma – təhsilin modernləşdirilməsi prosesinin klasteri”, Azərbaycan Texniki Universitetindən Zirəddin Qasımov “Distant təhsil sistemlərinin yaradılmasında ASP səhifələrinin üstünlükləri”, Gəncə Dövlət Universitetindən Cavid Bağırzadə “Laçın rayonunun Alban dini abidələri haqqında”, Azərbaycan Dövlət Aqrar Universitetindən Elgün Aslanov “Müasir türk dünyasının iqtisadi, siyasi və mədəni əlaqələri tarixi zərurət kimi”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialından Eyvaz Eminalıyev “Heydər Əliyev və türk xalqları ədəbiyyatı”, MDU-dan Esmira Cəfərova “Dünya nizamının müasir xarakterini dəyişən Qarabağ Zəfəri və regional geosiyasi trendlər”, Maarifə Manafova “Qarabağ toponimləri dilimizin və xalqımızın tarixi yaddaşıdır” və Könül Aydın “Qloballaşan dünyada dil təhlükəsizliyi” mövzularında məruzələr ediblər.
İclas iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Qeyd edək ki, MDU tarixində ilk dəfə olaraq keçirilən beynəlxalq elmi konfransa həm yerli, həm də xarici ali təhsil və elm ictimaiyyəti tərəfindən böyük maraq göstərilib, 37 yerli ali təhsil və elmi-tədqiqat müəssisəsindən, eləcə də 14 xarici ölkənin 35 universitetindən, ümumilikdə, 462 tezis və məqalə daxil olub. Proqrama uyğun olaraq, konfrans çərçivəsində açılış-plenar, plenar, “İqtisad elmləri və idarəetmə”, “Təbiət və texnika elmləri” və “Təhsil və humanitar elmlər” bölmələrinin iclasları keçirilib.
Şərhlər bağlıdır.