Mingəçevir Dövlət Universitetində Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinə həsr edilmiş seminar keçirilib
2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 100 illik yubileyinə həsr edilmiş “Xarici dillərin tədrisi: müəllim hazırlığında müasir tendensiyalar” mövzusunda elmi-praktik seminar keçirilib. “ZOOM” platforması üzərindən online formatda təşkil edilən seminarda hər iki universitetin akademik və inzibati heyət üzvləri, tələbələri və magistrantları iştirak ediblər.
Seminarın açılışında Azərbaycanın qocaman pedaqoji ali təhsil müəssisəsinin 100 illiyinin tamam olduğunu diqqətə çatdıran ADPU-nun rektoru Cəfər Cəfərov yubileyə həsr olunmuş ilk tədbirin MDU kollektivi ilə birlikdə keçirilməsindən məmnunluğunu ifadə edib və universitet rəhbərliyinə təşəkkürünü bildirib.
Müzəfər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində qazanılan tarixi zəfərin yaşatdığı sonsuz sevinc hissləri və qələbə coşqusu ilə qeyd edilən 100 illik yubileyi universitetin tarixində olduqca əlamətdar hadisə kimi dəyərləndirən rektor dövlət başçısının təhsil sahəsinə göstərdiyi yüksək diqqət və qayğıdan bəhs edib.
Rəhbərlik etdiyi universitetin zəngin inkişaf tarixi və ənənələri haqqında ətraflı məlumat verən C.Cəfərov ölkədə yüksək ixtisaslı elmi-pedaqoji kadrların hazırlanmasında, pedaqoji təhsilin inkişafında ADPU-nun mühüm rolundan və strateji hədəflərindən danışıb.
Son dövrdə modernləşmə yolunda inamla irəliləyən MDU ilə işbirliyinə daim açıq olduqlarını vurğulayan rektor bu əməkdaşlığın müasir dövrdə ölkənin ehtiyaclarına uyğun pedaqoji kadr hazırlığının həyata keçirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib və bu istiqamətdə hər iki universitetin kollektiv üzvlərinə uğurlar arzulayıb.
Açılış nitqində seminar iştirakçılarını salamlayan MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, ADPU-nun 100 illiyi münasibətilə ölkənin ilk pedaqoji ali təhsil ocağının professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə və məzunlarını təbrik edib.
Ölkə başçısının müvafiq Sərəncamına əsasən yubileyin respublika səviyyəsində qeyd edilməsini ali təhsilin inkişafına dövlət qayğısının bariz nümunələrindən biri kimi dəyərləndirən Ş.Bayramov ADPU-nun milli ali təhsilimizin ümumi mənzərəsinin müəyyən edilməsində və cəmiyyət həyatındakı əhəmiyyətli rolundan danışıb.
Yüzillik zəngin fəaliyyəti müddətində sıralarında çoxlu sayda tanınmış ictimai, elm və mədəniyyət xadimlərinin də yer aldığı yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsində ADPU-nun mühüm xidmətlərindən bəhs edən rektor sözügedən universitetin hazırda yeni keyfiyyət mərhələsinə qədəm qoyduğunu və inkişaf hədəflərinə doğru fəaliyyətlərini uğurla davam etdirdiyini bildirib.
Ölkəmizin qabaqcıl ali təhsil müəssisələrindən biri olan ADPU ilə işbirliyinə xüsusi önəm verdiklərini bildirən Ş.Bayramov akademik potensialın gücləndirilməsinə və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsinə hədəflənən bu əməkdaşlıq çərçivəsində keçirilən birgə tədbirlərin davamlı və qarşılıqlı faydalı olacağına əminliyini ifadə edib, seminarın işinə uğurlar arzulayıb.
Seminarın moderatoru, MDU-nun Pedaqoji fakültəsinin dekanı Nizami Zeynalov açılış nitqlərindən sonra proqramda nəzərdə tutulmuş mövzuları diqqətə çatdırıb və sözü məruzəçilərə verib.
ADPU Şəki filialının dosenti Ulduz Mürşüdova “Azərbaycan Dövlət Pedaqoji Universiteti – müəllim hazırlığında baza ali təhsil müəssisəsi” mövzusunda, MDU-nun dosenti Zenfira Əzizova “Xarici dillərin tədrisinin aktual problemləri” mövzusunda, ADPU Şəki filialının müəllimi Səfurə Abdurəhmanova “İbtidai siniflərdə ingilis dilinin tədrisində mahnılardan istifadə” mövzusunda, MDU-nun müəllimi Fəxriyyə Məbudova “Beynəlxalq kommunikasiyaların təşkilində ingilis dilinin əhəmiyyəti” mövzusunda məruzələrlə çıxış ediblər. Məruzələrdə baza ali təhsil müəssisəsi kimi ADPU-da müəllim hazırlığına yeni yanaşmalar, xarici dilin tədrisi sahəsində mövcud problemlər, dünya təcrübəsi və müasir təlim texnologiyaları barədə ətraflı məlumat verilib.
Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzələr geniş müzakirələrə səbəb olub və təqdim edilən suallar ətraflı cavablandırılıb.
Müzakirələrdən sonra çıxış edən ADPU Şəki filialının direktoru Rafiq Rasulov MDU ilə ortaq tədbirlərin əhəmiyyətindən bəhs edib və yubiley münasibətilə təbriklərini çatdırıb.
Sonda hər iki universitetin tələbələrinin ifasında azərbaycan, rus, ingilis, fransız və alman dillərində şeirlər səsləndirilib.
Qeyd edək ki, MDU-da pedaqoji kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məqsədilə ölkəmizin nüfuzlu ali təhsil müəssisələrindən biri olan ADPU ilə əməkdaşlığın hərtərəfli inkişaf etdirilməsinə xüsusi önəm verilir.
Şərhlər bağlıdır.