AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universitetində 28 May – Respublika Gününə həsr edilmiş dəyirmi masa keçirilib

2021-ci ilin 27 may tarixində Mingəçevir Dövlət Universitetində (MDU) 28 May – Respublika Gününə həsr edilmiş “Cənubi Qafqazda yeni geosiyasət: reallıqlar və perspektivlər” mövzusunda dəyirmi masa keçirilib.

“ZOOM” platforması üzərindən onlayn formatda təşkil edilən dəyirmi masada giriş sözü ilə çıxış edən MDU-nun rektoru Şahin Bayramov, ilk növbədə, Respublika Günü münasibətilə universitetin professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını təbrik edib.

103 il bundan əvvəl olduqca mürəkkəb və ziddiyyətli geosiyasi şəraitdə müstəqil Azərbaycan dövlətinin yaradılmasından danışan Ş.Bayramov bu əlamətdar tarixi hadisə ilə bağlı hər bir azərbaycanlının qürur hissi keçirdiyini bildirib.

İyirminci əsrin əvvəllərində əldə edilmiş müstəqilliyin ömrünün qısamüddətli olmasına baxmayaraq, görülən işlərin müasir, qüdrətli Azərbaycanın yaranmasına zəmin hazırladığını qeyd edən rektor həmin dövrü yeni tariximizin şanlı səhifələrindən biri kimi dəyərləndirib.

Müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin müdrik siyasəti sayəsində müstəqilliyimizin əbədi və dönməz xarakter aldığını vurğulayan Ş.Bayramov Ümummilli Liderin layiqli siyasi varisi İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq mövqeyinin ildən-ilə daha da güclənməsindən bəhs edib.

44 günlük Vətən Müharibəsində qazanılan tarixi zəfərdən sonra Cənubi Qafqazın siyasi mənzərəsinin tamamilə dəyişdiyini qeyd edən rektor Azərbaycanın artıq regionda yeni geosiyasi reallıqlar yaradan dövlətə çevrildiyini diqqətə çatdırıb və dəyirmi masanın mövzusunun aktuallığından danışıb.

Sovet dönəmində uzun müddət müstəqillik tariximizin təhrif olunduğunu bildirən rektor müasir tarixi həqiqətlərin gənc nəsilə oduğu kimi təqdim edilməsinin, universitetdə müvafiq maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin əhəmiyyətindən bəhs edib və dəyirmi masanın iştirakçılarına uğurlar arzulayıb.

Sonra, dəyirmi masada qonaq qismində iştirak edən Azərbaycan Dövlət Pedaqoji Universitetinin baş muəllimi Taleh Cəfərov “Azərbaycanın sosial-iqtisadi və hərbi siyasi uğurlarında Türkiyə faktoru” mövzusunda, MDU-nun əməkdaşlarından dosent Esmira Cəfərova “Yeni dünya nizamında ədalətli və qətiyyətli şəxsiyyət faktoru” mövzusunda, baş müəllim İlham Məmmədov “Yeni geosiyasi situasiyada sülh çağırışları və müharibə motivləri” mövzusunda, müəllim Aygün Qədirova “Çağdaş dünya nizamı və 44 günlük Vətən müharibəsinin hərbi siyasi korrektivləri” mövzusunda, baş müəllim Mətanət Yusifova “Yenilməz Azərbaycan ordusu və güclü milli iqtisadiyyat Cənubi Qafqazda davamlı sülhün qarantı kimi” mövzusunda, müəllim Gülər Əjdərzədə “Cənubi Qafqazda sülh və yanaşıyaşama modelinin perspektivləri” mövzusunda məruzələrlə çıxış ediblər.

Məruzələrdə müasir dövrdə Azərbaycanın Türkiyə ilə strateji əməkdaşlığından, Vətən Müharibəsi zamanı qardaş ölkənin mənəvi dəstəyindən, tarixi zəfərdən sonra regionda formalaşan yeni geosiyasi reallıqlardan, prezident İlham Əliyevin dövlət müstəqilliyimizin möhkəmlədirilməsinə xidmət edən uzaqgörən, məqsədyönlü və qətiyyətli siyasətindən, ölkəmizin hərbi, siyasi və iqtisadi qüdrətinin artırılması istiqamətində atılan addımlardan, Cənubi Qafqazda sülhün təminatçısı rolunda çıxış edən çoxtərəfli əməkdaşlıq təşəbbüslərindən, irimiqyaslı layihələrdən və digər məsələlərdən bəhs edilib.

Universitetin tələbə və müəllim kollektivi üzvləri tərəfindən böyük maraqla qarşılanan məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb və təqdim olunan suallar cavablandırılıb.

Qeyd edək ki, MDU-da tarixi günlərə həsr edilmiş tədbirlərin keçirilməsinə xüsusi önəm verilir, tələbə gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, onlar arasında müvafiq maarifləndirmə və təbliğat işlərinin gücləndirilməsi diqqət mərkəzində saxlanılır.

Daha çox

Oxşar yazılar

Close