Mingəçevir Dövlət Universitetində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş tədbir keçirilib
2020-ci ilin 16 yanvar tarixində Mingəçevir Dövlət Universiteti (MDU), Mingəçevir şəhər Təhsil Şöbəsi və Mingəçevir şəhəri Texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbir keçirilib. Tədbir 20 Yanvar şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
MDU-da təşkil olunan tədbiri açan rektor Şahin Bayramov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə respublikamızda və ölkəmizin hüdudlarından kənarda 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş anma mərasimlərinin keçirildiyini bildirib. Ş.Bayramov Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmri ilə təsdiq edilmiş “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı” çərçivəsində birgə təşkil olunan tədbirin əsas məqsədinin şagird və tələbələrin faciə barədə məlumatlandırılmasından ibarət olduğunu diqqətə çatdırıb. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1990-cı ilin 21 yanvar tarixində Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlməsini, baş vermiş faciə ilə bağlı o zamankı imperiya rəhbərliyinə və dünya ictimaiyyətinə açıq bəyanat verməsini xüsusi vurğulayan Ş.Bayramov məhz Ulu Öndərin sayəsində 20 yanvar faciəsinə siyasi və hüquqi qiymət verildiyini bildirib.
Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov 20 Yanvar faciəsinin otuzuncu ildönümü münasibətilə MDU, şəhər Təhsil Şöbəsi və Texniki Humanitar lisey tərəfindən birgə təşkil olunan silsilə tədbirlər barədə məlumat verib. S.Məmmədov Azərbaycan Respublikasının Təhsil nazirinin müvafiq əmrinə əsasən 2020-ci ilin 17 yanvar tarixində ölkəmizin bütün təhsil müəssisələrində ilk dərsin 20 Yanvar faciəsinə həsr olunacağını bildirib.
Mingəçevir şəhəri Texniki-humanitar liseyin direktoru Nailə Məmmədova 20 Yanvar faciəsinin xalqımızın milli azadlıq və müstəqillik uğrunda mübarizəsinin başlanğıcı olduğunu bildirib və həmin faciəyə həsr olunan tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb. 20 Yanvar faciəsini bəşər tarixində insanlığa qarşı törədilmiş ən qanlı hadisələrdən biri kimi dəyərləndirən N.Məmmədova həmin günün müasir Azərbaycan tarixinə qəhrəmanlıq səlnaməsi kimi də yazıldığını vurğulayıb.
Sonra Texniki-humanitar liseyin müəllimi Zaur Kərimli “20 Yanvar faciəsinin səbəbləri”, MDU-nun baş müəllimi İlham Məmmədov isə “20 Yanvar müasir Azərbaycan tarixinin dönüş nöqtəsidir” mövzularında məruzələr ediblər.
Daha sonra 20 Yanvar faciəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Sonda tədbir iştirakçılarına şagird, tələbə və müəllimlərin ifasında “Şəhidlər ölməz” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.
MDU-nun İctimai Nəzarət Şurasının üzvlərinin də iştirak etdiyi tədbirin təşkilində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Bir” Tələbə-Könüllü Proqramının MDU tələbələrindən ibarət komandası fəal iştirak edib.
Şərhlər bağlıdır.