Mingəçevir Dövlət Universitetində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş elmi seminar keçirilib
2021-ci ilin 1 iyun tarixində Mingəçevir Dövlət Universitetində (MDU) Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş “Müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji problemlər və həlli yolları” mövzusunda elmi-praktik seminar keçirilib.
“Microsoft Teams” platforması üzərindən onlayn formatda təşkil edilən görüşü giriş sözü ilə açan MDU-nun prorektor əvəzi Veysəl Əyyubov, ilk növbədə, tədbir iştirakçılarına universitetin rektoru Şahin Bayramovun salamlarını çatdırıb. Mövzunun aktuallığından və həssaslığından bəhs edən V.Əyyubov universitetin akademik heyət üzvlərinin sözügedən istiqamətlərdə apardıqları tədqiqatları yüksək qiymətləndirib və seminarın işinə uğurlar arzulayıb.
Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayevin moderatorluğu ilə keçirilən elmi-praktiki seminarda proqrama daxil olan məruzələr haqqında məlumat verildikdən sonra çıxışlara başlanılıb.
MDU-nun Pedaqogika və psixologiya kafedrasının əməkdaşlarından müəllim Gülnar Məmmədova “Uşaqların orta məktəb dövründə qarşılaşdığı psixoloji çətinliklər” mövzusunda, baş müəllim İlhamə İsmayılova “Vətən müharibəsi dövründə uşaqların aldığı psixoloji travmalar və acı həqiqətlər” mövzusunda, müəllim Nərgiz Həsənova “Depressiya və suisid hallarının müxtəlif yaşlarda əlamət və simptomları” mövzusunda məruzələr ilə çıxış ediblər. Məruzələrdə uşaqların şəxsiyyət kimi inkişafına birbaşa təsir edən depressiyaların yaranma səbəbləri və acı nəticələrindən, gələcəyimiz olan uşaqların vətənpərvər, sağlam və milli ruhda tərbiyə edilməsi, bilikli və savadlı yetişdirilməsi üçün valideynlərin və müəllimlərin üzərinə düşən vəzifələrdən bəhs edilib.
Seminar iştirakçıları tərəfindən maraqla qarşılanan məruzələr ətrafında geniş müzakirələr aparılıb və təqdim olunan suallar cavablandırılıb.
Sonda müasir dövrdə uşaqların qarşılaşdığı psixoloji vəziyyətlərin yol aça biləcəyi fəsadları və ondan çıxış yollarını əks etdirən sosial videoçarx nümayiş olunub.
Qeyd edək ki, MDU-da əlamətdar tarixi günlərə və cəmiyyətin aktual problemlərinə həsr olunan tədbirlərin və müvafiq maarifləndirmə işlərinin həyata keçirilməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.