AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti və Ankara Hacı Bayram Veli Universitetinin birgə təşkilatçılığı ilə seminar keçirilib

2021-ci ilin 2 iyun tarixində Mingəçevir Dövlət Universiteti (MDU) və Ankara Hacı Bayram Veli Universiteti (AHBVU) arasında əməkdaşlıq çərçivəsində “Turizm müəssisələrində insan resurslarının idarə edilməsi” mövzusunda seminar keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən seminar MDU-nun gənc akademik heyət üzvləri və magistrantları üçün nəzərdə tutulub.

Seminarda çıxış edən AHBVU Turizm fakültəsinin dosenti Hakan Koç əlavə dəyərin yaradılması və məhsuldarlığın artırılmasında mühüm rol oynayan işçi qüvvəsinin keyfiyyətindən, münasibət və davranışlarından, aqrar, sənaye və bilik cəmiyyətlərində insan faktoruna fərqli yanaşmalardan, sənaye inqilabı, ixtisaslaşma, texnoloji inkişaf və rəqabətin insan resurslarının idarə edilməsinə təsirlərindən bəhs edib.

İnsan resurslarının idarə edilməsinin müxtəlif aspektlərini diqqətə çatdıran məruzəçi liderlik, motivasiya, işçi məmnuniyyəti, korporativ mədəniyyət və öhdəliklər, iş stresi, psixoloji zorakılıq və tükənmişlik sindromu haqqında ətraflı məlumat verib.

İşçi seçiminin düzgün həyata keçirilməsinin əhəmiyyətini vurğulayan H.Koç bu məqsədlə insanların bilik və bacarıqlarının, xarakterinin müəyyən edilməsi üçün praktikada geniş tətbiq edilən zəka, qabiliyyət, bilik və şəxsiyyət testləri barədə fikirlərini bölüşüb.

Müasir tələblərə uyğun kadrların təmin edilməsi, onların təhsili və potensiallarının inkişaf etdirilməsi strategiyalarını əhatə edən insan resurslarının planlaşdırılmasından söhbət açan məruzəçi təşkilatda işçi qüvvəsi ilə bağlı cari vəziyyətin təhlili, tələb və təklifin müqayisə edilməsi, müvafiq fəaliyyət planının hazırlanması və tətbiq edilməsi, nəzarət və qiymətləndirmənin həyata keçirilməsi məsələlərindən danışıb.

Sonra H.Koç qarşıda dayanan çətin hədəflərin dəf edilməsində motivasiyanın önəmini əks etdirən sosial videoçarx nümayiş etdirməklə məruzəsini tamamlayıb.

Seminar iştirakçıları tərəfindən böyük maraqla qarşılanan məruzə ətrafında geniş müzakirə aparılıb və təqdim edilən suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, MDU və AHBVU arasında əməkdaşlıq əlaqələri 2021-ci ilin mart ayında qurulub. Sözügedən əməkdaşlığın əsas istiqamətlərindən biri kimi hər iki universitetin akademik heyət üzvləri, tələbə və magistrantlarının iştirakı ilə ortaq konfransların və seminarların keçirilməsi nəzərdə tutulub.

 

Daha çox

Oxşar yazılar

Close