Elm və təhsilMDU

Mingəçevir Dövlət Universitetinə qəbul olan tələbələrin qeydiyyatı davam edir

Mingəçevir Dövlət Universitetinə qəbul olunmuş tələbələrin qeydiyyata alınması avqust ayının 15-dən başlanıb. 2019-2020-ci tədris ili üçün universitetə 23 ixtisas üzrə 770 plan yerinə 726 nəfər (94,28%) qəbul olunub.

Avqustun 21-nə olan məlumata görə, universitetdə 410 nəfər tələbə qeydiyyatdan keçib ki, onlardan 104 nəfəri dövlət sifarişi əsasında təhsil alacaq tələbələrdir. Yeni qəbul olan tələbələrə kömək məqsədilə qeydiyyat zamanı təqdim edilməli sənədlər, eləcə də imtiyazlı təhsil alacaq tələbələr barədə məlumatlar elanlar lövhəsində, universitetin saytında və sosial şəbəkələrdə yerləşdirilib. Tələbələrin qeydiyyatdan keçməsi üçün lazım olan bütün şərait yaradılıb. Tələbələrin qeydiyyatını aparmaq məqsədilə 16 nəfərdən ibarət Sənəd Qəbulu Komissiyası (SQK) yaradılıb. Qeydiyyat zamanı növbəlik prinsipi və nizam-intizamın qorunması diqqət mərkəzində saxlanılır. Sənəd qəbulu prosesində könüllü tələbələr fəal iştirak edir.

Universitetdə yaradılan SQK Mingəçevir Dövlət Universitetinin əsas binasında Dilarə Əliyeva küçəsi 21 ünvanında, şənbə, bazar və bayram günləri istisna olmaqla, hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir.

Qəbul olunmuş tələbələrin qeydiyyata alınması prosesi, I mərhələ üzrə qəbul olanlar üçün avqustun 27-dək, boş qalan yerlərə əlavə qəbul olan tələbələr üçün isə avqustun 23-dən sentyabrın 2-dək davam edəcək.

Qeyd edək ki, Mingəçevir Dövlət Universitetinə 2019-2020-ci tədris ili üçün qəbul olan tələbələrin qeydiyyatı Təhsil Nazirliyinin təhsil haqqlarının ödənilməsi ilə bağlı müvafiq tövsiyəsi nəzərə alınmaqla həyata keçirilir. Bu vaxta qədər məsələ ilə bağlı universitetə hər hansı şikayət daxil olmayıb. Əlavə məlumat üçün Sənəd Qəbulu Komissiyasına (telefon: (024)275-92-05) müraciət edilməsi xahiş olunur.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Close