AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti Ukraynada keçirilən beynəlxalq konfransda təmsil olunub

2021-ci ilin 21 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) 115 illik yubileyi münasibətilə “KNEU beynəlmiləlləşmə strategiyası: yeni yanaşmalar” mövzusunda keçirilən beynəlxalq konfransda təmsil olunub. Ukrayna, ABŞ, Almaniya, İtaliya, Gürcüstan və digər ölkələrin tanınmış ali təhsil müəssiələrinin rəhbərlərinin qatıldığı konfransda MDU-nun rektoru Şahin Bayramov iştirak edib.

“Zoom” platforması üzərindən onlayn formatda təşkil edilən konfransı giriş sözü ilə açan KNEU rektoru Dmytro Lukianenko universitetlərin beynəlmiləlləşməsinin önəmindən, rəhbərlik etdiyi ali təhsil müəssisəsinin strateji hədəflərindən və beynəlxalq əməkdaşlığının inkişaf perspektivlərindən bəhs edib.

KNEU-nun beynəlmiləlləşmə strategiyasının hazırlanmasında uğurla icra olunmuş “Beynəlxalq əlaqələr sahəsində universitet idarəçiliyinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi (UNIVIA)” adlı TEMPUS layihəsinin xüsusi əhəmiyyətini vurğulayan D.Lukianenko bu istiqamətdə əməkdaşlığın inkişafına göstərdiyi dəstəyə görə layihənin rəhbəri Ş.Bayramova təşəkkürünü bildirib.

Konfrans iştirakçılarını salamlayan MDU-nun rektoru Ş.Bayramov universitet idarəçiliyinin əsas komponentlərindən olan beynəlmiləlləşmənin hazırda dünya ali təhsil məkanının başlıca trendlərindən birinə çevrildiyini qeyd edib. Tərəfdaş universitetlər tapmaq, xarici tələbə və akademik heyət cəlb etmək, beynəlxalq akkreditasiyadan keçmək baxımından beynəlmiləlləşmənin əhəmiyyətindən danışan rektor nəticə etibarilə bu prosesin təhsilin məzmununda multikultural dəyərlərin artmasına və universitetin beynəlxalq reytinq sıralarında irəliləməsinə geniş imkanlar yaratdığını deyib.

Bildirilib ki, beynəlmiləlləşmə strategiyasının effektivliyi onun nə dərəcədə universitetin hədəflərini və beynəlxalq ali təhsil məkanında baş verən trendləri nəzərə almasından asılıdır.

Avropa Komissiyasının dəstəyi və Azərbaycan Dövlət İqtisad Universitetinin koordinatorluğu ilə 2013-2017-ci illərdə həyata keçirilmiş UNIVIA layihəsi haqqında ətraflı məlumat verən rektor Azərbaycan, Ukrayna, Qırğız Respublikası və Tacikistanın benefisiar olduğu sözügedən layihədə Böyük Britaniya, İspaniya və İtaliyanın nüfuzlu universitetlərinin təcrübəsinin öyrənildiyini diqqətə çatdırıb.

Son dövrdə KNEU və MDU arasında inkişaf etməkdə olan əməkdaşlıqdan söhbət açan Ş.Bayramov mövcud işbirliyinin inkişaf etdirilməsi ilə bağlı fikirlərini bölüşüb. Dost ölkənin müasirləşən və zəngin ənənələrə malik universitetlərindən olan KNEU-nun 115 illiyi münasibətilə təbriklərini çatdıran rektor konfransın işinə uğurlar arzulayıb.

Sonra panel müzakirələrdə Erasmus və Alman Akademik Mübadilə Xidməti (DAAD) proqramlarının Ukrayna nümayəndəliklərinin, iştirakçı universitetlərin rəhbərləri və məsul şəxsləri mövzu ətrafında geniş fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da beynəlxalq əməkdaşlığın inkişafı diqqət mərkəzində saxlanılır və bu məqsədlə tərəfdaş universitetlərlə müxtəlif formatlı birgə fəaliyyətlərin həyata keçirilməsinə xüsusi önəm verilir.

Daha çox

Oxşar yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Close

Adblock Detected

Please consider supporting us by disabling your ad blocker