Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevir Dövlət Universiteti Qazi Universiteti ilə əməkdaşlıq edəcək

2021-ci ilin 15 mart tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov qardaş Türkiyə Respublikasına səfəri çərçivəsində Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldız ilə görüşüb.

MDU-nun nümayəndə heyətini Qazi Universitetində salamlamaqdan məmnun olduğunu vurğulayan M.Yılmaz qardaş Azərbaycana olan sonsuz sevgisini bildirib və qarşılıqlı faydalı əməkdaşlığın yaradılmasına hazır olduğunu diqqətə çatdırıb. M.Yılmaz əsası 1926-cı ildə qoyulmuş və hazırda 40 mindən artıq tələbəsi olan Qazi Universitetində həyata keçirilən kadr hazırlığı istiqamətləri haqqında ətraflı məlumat verib.

Türkiyənin milli ali sistemində özünəməxsus yeri olan Qazi Universitetinin əldə etdiyi uğurlardan bəhs edən M.Yılmaz təmsil etdiyi universitetin bu ölkədə yeni yaradılmış bir sıra ali təhsil müəssisələrinin inkişafında fəal iştirak etdiyini bildirib. Tədqiqat universiteti olaraq həyata keçirdikləri çoxsaylı layihələrdən danışan M.Yılmaz akademik heyətin tədris bacarıqlarının inkişaf etdirilməsi, inzibati heyətin idarəetmə səriştəsinin artırılması, yeni ixtisasların yaradılması və digər sahələrdə MDU-ya müvafiq dəstək göstərəcəklərini deyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən MDU-nun rektoru Ş.Bayramov Vətən Müharibəsi dövründə göstərilən mənəvi dəstəyə, Qarabağ həqiqətlərinin geniş ictimaiyyətə çatdrılmasında nümayiş etdirilən fəallığa görə Qazi Universitetinin professor-müəllim, inzibati-texniki və tələbə heyətinə minnətdarlığını bildirib. Qardaş ölkənin aparıcı ali təhsil müəssisələrindən birində olmasından məmnunluğunu ifadə edən Ş.Bayramov zəngin ənənələrə, müasir infrastruktura və güclü kadr potensialına malik olan Qazi Universiteti ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.

MDU-nun potensial inkişaf istiqamətləri və strateji hədəfləri barədə ətraflı məlumat verən Ş.Bayramov tələbə və müəllim mübadiləsi, birgə elmi konfransların təşkili, ortaq layihələrin icra edilməsi, kampus idarəçiliyi sahəsində təcrübənin öyrənilməsi və digər sahələrdə ikitərəfli əməkdaşlıq üçün mövcud imkanların səfərbər edilməsinin önəmindən danışıb. MDU-nun iki gənc əməkdaşının Qazi Universitetinin doktorantura səviyyəsində təhsilə cəlb edilməsini yüksək qiymətləndirən Ş.Bayramov hər iki ali təhsil müəssisəsinin pedaqoji profilli fakültələri arasında qarşılıqlı faydalı işbirliyinin potensial nəticələrinə dair fikirlərini bölüşüb.

Görüşdə qarşılıqlı maraq doğuran çoxsaylı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, ilkin mərhələdə atılacaq konkret addımlar barədə razılıq əldə olunub.

Qazi Universitetinin Təhsil fakültəsində davam edən görüşdə İngilis dili müəllimliyi, Məktəbəqədər təlim və tərbiyə, İbtidai sinif müəllimliyi, Riyaziyyat müəllimliyi və İnformatika müəllimliyi ixtisasları üzrə birgə fəaliyyətin detalları müzakirə olunub. MDU tələbələrinin Qazi Universitetində keçirilən online dərslərə qoşulması ilə bağlı prosedurların icrasına başlanılması, Nizami Gəncəvinin 880 illiyinə həsr olunan ortaq virtual elmi konfransın təşkili, MDU inzibati heyəti üçün fakültə idarəçiliyi sahəsində təlimlərin keçirilməsi və digər məsələlər razılaşdırılıb.

Şərhlər bağlıdır.