Mingəçevir Dövlət Universiteti Kiyev Milli İqtisadiyyat Universitetinin 115 illik yubileyində təmsil olunub
28 oktyabr 2021-ci il tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov Kiyev Milli İqtisadiyyat Universitetinin (KNEU) 115 illik yubiley mərasimində iştirak edib. Yubileydə Ukraynanın baş nazirinin birinci müavini və İqtisadiyyat naziri, Elm və Təhsil nazirinin müavini, Mərkəzi Bankın və digər çoxsaylı dövlət qurumlarının nümayəndələri, xarici və yerli universitetlərin rektorları, özəl şirkətlərin rəhbərləri və universitetin tanınmış məzunları iştirak ediblər.
Yubiley iştirakçılarını salamlayan KNEU-nun rektoru Dmytro Lukianenko rəhbərlik etdiyi universitetin keçdiyi tarixi inkişaf yolundan və əldə edilən uğurlardan danışıb. Ukrayna ali təhsil məkanında KNEU-nun mövqeyinin ildən-ilə gücləndiyini vurğulayan D.Lukianenko universitetdə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, elmi-tədqiqatların səmərəliliyinin artırılması, beynəlxalq əməkdaşlığın inkişafı və ali təhsil proqramlarının beynəlxalq akkreditasiyası istiqamətində görülən işlərdən və qarşıda duran strateji hədəflərdən bəhs edib.
Tədbirdə çıxış edən MDU-nun rektoru Ş.Bayramov dost ölkənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan KNEU-nun yubiley mərasimində iştirakdan məmnunluğunu ifadə edib və dəvətə görə universitetin rəhbərliyinə təşəkkürünü bildirib. Ukraynada ali təhsil sistemində özünəməxsus yerə malik KNEU-nun ölkənin biznes və iqtisadiyyat profilli aparıcı ali təhsil müəssisəsi olduğunu vurğulayan Ş.Bayramov hazırda tərəfdaş universitetin minlərlə məzununun milli iqtisadiyyatın ümumi inkişafına əhəmiyyətli töhfələr verdiyini diqqətə çatdırıb.
KNEU-nu 115 illik zəngin ənənələrin müasir tədris metodları və qabaqcıl tədqiqat vasitələri ilə qovuşduğu nümunəvi təhsil ocağı kimi xarakterizə edən Ş.Bayramov KNEU və MDU arasında qarşılıqlı faydalı əməkdaşlığın mövcud vəziyyətindən söhbət açıb və bu işbirliyinin gücləndirilməsini iki ölkə arasında elm və ali təhsil sahəsində əlaqələrin inkişafına töhfə kimi dəyərləndirib. Əlamətdar hadisə münasibətilə KNEU-nun rəhbərliyini və kollektiv üzvlərini MDU ailəsi adından təbrik edən Ş.Bayramov onlara yeni-yeni uğurlar arzulayıb.
Yubiley çərçivəsində MDU və KNEU arasında əməkdaşlıq memorandumu imzalanıb və xatirə hədiyyələri təqdim olunub.
Bildirilib ki, hər iki universitet üçün qarşılıqlı maraq doğuran sahələrdə potensial əməkdaşlığın inkişaf etdirilməsini nəzərdə tutan memorandum tələbə və müəllim mübadiləsi, ortaq təhsil proqramları, tədqiqatlar, elmi konfranslar, forumlar və digər müxtəlif istiqamətlərdə birgə fəaliyyətləri əhatə edir.
Qeyd edək ki, yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da qabaqcıl xarici ali təhsil müəssisələri, o cümlədən KNEU ilə əməkdaşlığa xüsusi önəm verilir. Cari ilin mart ayından etibarən iki universitet arasında yaradılan işbirliyi çərçivəsində qarşılıqlı silsilə mühazirələr keçirilib, MDU-nun akademik və inzibati heyət üzvləri KNEU-da onlayn formatda təşkil edilən konfranslarda və seminarlarda fəal iştirak ediblər.
Şərhlər bağlıdır.