Mingəçevir Dövlət Universiteti Kapital Bankın Mingəçevir filialı ilə əməkdaşlığını uğurla davam etdirir
2021-ci ilin 13 oktyabr tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov “Kapital Bank” ASC Mingəçevir filialının direktoru Elşən Qasımov ilə görüşüb. Görüşdə filialın əməkdaşı Rəşad Şəfiyev və universitetin müvafiq inzibati heyət üzvləri də iştirak ediblər.
Qonaqları salamlayan rektor Ş.Bayramov ölkəmizin bank sektorunda mühüm yerə sahib olan Kapital Bank ilə universitetin əməkdaşlıq əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.
MDU-da bakalavriat və magistratura səviyyələrində maliyyə, mühasibat və iqtisadiyyat ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini diqqətə çatdıran rektor tədrisin məzmununun yenilənməsi və əmək bazarının tələblərinə cavab verən mütəxəssislərin yetişdirilməsi baxımından bankla əməkdaşlığın önəmindən bəhs edib.
Ötən dövr ərzində bank fililalı ilə əməkdaşlıq çərçivəsində tələbələrə təcrübə keçmələri üçün lazımi şəraitin yaradılması, smart tələbə kartlarının təqdim edilməsi, eləcə də birgə nəzəri-praktiki seminarların təşkili haqqında ətraflı məlumat verən Ş.Bayramov qarşılıqlı faydalı işbirliyinin genişləndirilməsinin potensial istiqamətləri ilə bağlı fikirlərini bölüşüb.
Dəvətə görə təşəkkürünü bildirən filial direktoru E.Qasımov Mingəçevirin yeganə ali təhsil müəssisəsi olan və modernləşmə yolunda inamla irəliləyən MDU ilə qurulan faydalı əməkdaşlıqdan məmnunluğunu bildirib.
Kapital Bankda tətbiq edilən yeni rəqəmsal texnologiyalardan və fasiləsiz təhsilə verilən xüsusi önəmdən söz açan E.Qasımov müasir tələblərə cavab verən kadrlara, eləcə də onların bilik və bacarıqlarının davamlı surətdə yenilənməsinə böyük ehtiyac duyulduğunu vurğulayıb.
MDU ilə birgə fəaliyyətin maliyyəçi kadrların hazırlığının keyfiyyət səviyyəsinin yüksəldilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini bildirən filial direktoru faydalı əməkdaşlığa hər zaman açıq olduğunu diqqətə çatdırıb.
Sonra qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib və yeni tədris ilində birgə fəaliyyətin effektivliyinin artırılması barədə fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, hazırda müasirləşmə mərhələsində olan MDU-da kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi, tədrisin məzmununun təkmilləşdirilməsi və nəticəyönümlü tədqiqatların səmərəliliyinin artırılması məqsədilə müxtəlif formatlı təhsil-sənaye əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verilir.
Şərhlər bağlıdır.