AzərbaycanElm və təhsilMDUMingəçevirXəbərlər

Mingəçevir Dövlət Universiteti ilə Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb

2021-ci ilin 22-23 may tarixlərində Türkiyənin Ankara şəhərində yerləşən Qazi Universitetinin rektoru Musa Yıldızın rəhbərlik etdiyi nümayəndə heyəti Mingəçevir Dövlət Universitetinin (MDU) dəvəti ilə Mingəçevir şəhərində səfərdə olub. Nümayəndə heyətini Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev və Azərbaycanın Türkiyədəki Səfirliyinin əməkdaşı Nəcibə Nəsibova müşayiət ediblər.

Ümummilli Liderin abidəsinin önünə gül dəstələri qoyulduqdan sonra qonaqlar Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ilə görüşüblər. Qonaqları səmimi salamlayan İ.İsmayılov Vətən Müharibəsi dövründə göstərilən mənəvi dəstəyə görə təşəkkürünü bildirib və Mingəçevir haqqında ətraflı məlumat verib. Görüşdə MDU ilə Qazi Universiteti arasında əməkdaşlığın yaradılmasının əhəmiyyətindən və qardaş ölkənin ali təhsil sahəsindəki böyük təcrübəsindən faydalanmaq imkanlarından bəhs edilib.

23 may tarixində qonaqlar MDU-da olub. MDU-nun rektoru Şahin Bayramov ilə keçirilən müzakirələrdən sonra nümayəndə heyəti universitetin bir qrup professor-müəllim, inzibati-texniki heyət üzvləri, tələbə və magistrantları ilə görüşüb.

Ş.Bayramov Türkiyənin qabaqcıl universitetləri sırasında yer alan Qazi Universitetinin, eləcə də ölkəmizin aparıcı ali təhsil müəssisələrindən biri olan AzTU-nun rektorlarının MDU-ya gəlməsini əlamətdar hadisə olduğunu vurğulayıb. Cari ilin mart ayında Ankaraya səfəri çərçivəsində keçirilən məhsuldar görüşləri xatırladan rektor 95 illik tarixə və zəngin ənənələrə sahib Qazi Universiteti ilə işbirliyinin MDU-nun strateji hədəflərinə çatmaq baxımından əhəmiyyətini diqqətə çatdırıb. Görüş çərçivəsində əməkdaşlıq protokolunun imzalanmasını MDU-nun tarixində ilklərdən biri kimi dəyərləndirən rektor iki universitet arasında tələbə və müəllim mübadiləsi, ortaq tədbirlərin təşkili, birgə elmi-tədqiqatların aparılması, inzibati və akademik heyətin bacarıqlarının yüksəldilməsi və digər istiqamətlər üzrə razılıq əldə olunduğunu bildirib.

MDU, AzTU və Qazi Universiteti arasında üçtərəfli əməkdaşlıq perspektivlərindən danışan Ş.Bayramov ölkə başçısının ali təhsilin inkişafına göstərdiyi yüksək diqqət və qayğı sayəsində MDU-nun modernləşdirilməsi istiqamətində atılan addımlardan bəhs edib. MDU ailəsinin bütün üzvlərini təbrik edən və təqdim olunan imkanlardan aktiv şəkildə faydalanmağa çağıran Ş.Bayramov göstərilən davamlı dəstəyə görə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, hər iki qonaq universitetin rektoruna və Türkiyədəki Səfirliyimizin əməkdaşı N.Nəsibovaya minnətdarlıq edib.

Mingəçevirdə olmaqdan məmnunluğunu ifadə edən Qazi Universitinin rektoru Musa Yıldız yeni dövrün ali təhsil müəssisəsinə çevrilməyi hədəfləyən MDU-da həyata keçirilən işləri yüksək qiymətləndirib və iki universitet arasında qarşılıqlı faydalı işbirliyi üçün böyük potensialın mövcudluğunu bildirib. Türkiyədə yeni yaranmış bir sıra universitetlərin inkişafında pay sahibi olduqlarını vurğulayan rektor eyni yanaşma ilə MDU-ya da hərtərəfli dəstək göstərməyə hazır olduqlarının diqqətə çatdırıb.

MDU-nun Pedaqoji və Mühəndislik fakültələrinin inkişafında yaxından iştirak edəcəklərini bildirən M.Yıldız MDU əməkdaşlarını və tələbələrini ikitərəfli protokolun yaratdığı fürsətləri dəyərləndirməyə dəvət edib.

MDU ilə AzTU arasında yaradılmış çoxşaxəli əməkdaşlığın sürətlə inkişafından danışan rektor V.Vəliyev hər iki universitetin alimlərinin iştirakı ilə keçirilən faydalı birgə tədbirlərin və elmi müzakirələrin maraqla qarşılandığını bildirib. Hər iki ali təhsil müəssisəsinin əməkdaşları arasında dostluq münasibətlərinin və səmərəli işbirliyinin formalaşdığını vurğulayan rektor növbəti mərhələdə MDU ilə daha genişmiqyaslı birgə layihələr reallaşdırmaq əzmində olduqlarını deyib.

AzTU ilə Qazi Universiteti arasında reallaşdırılması nəzərdə tutulan ortaq tədbirlərdən bəhs edən V.Vəliyev MDU da daxil olmaqla mühəndislik sahəsində üçtərəfli formatda əməkdaşlığın yaradılmasına zəruri dəstək göstərəcəklərini diqqətə çatdırıb.

Son dövrdə MDU-nun müasirləşdirilməsi istiqamətində görülən işləri yaxından izlədiyini bildirən N.Nəsibova kadr hazırlığının keyfyyətinin yüksəldilməsi baxımından qardaş ölkənin aparıcı universitetləri ilə əməkdaşlığın önəmini vurğulayıb. Qazi Universitetinin Türkiyə milli ali təhsilindəki aparıcı rolundan danışan N.Nəsibova MDU kollektivini ikitərəfli əlaqələrə yüksək maraq göstərməyə çağırıb.

MDU-nun qarşısına qoyulan hədəflərə çatması məqsədilə qardaş ölkənin digər universitetləri ilə də səmərəli əməkdaşlığın qurulmasında Azərbaycanın Ankaradakı Səfirliyinin davamlı dəstək göstərməyə hazır olduğunu bildirib.

MDU-nun professor-müəllim, inzibati-texniki heyət üzvlərinin, tələbə və magistrantlarının böyük sevincinə səbəb olan görüşdə iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Sonra, MDU və Qazi Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb, xatirə hədiyyələri təqdim olunub.

MDU-nun qonaqları səfər çərçivəsində “Azərbaycan İES” MMC, Mingəçevir Sənaye Parkını və Gəncə şəhərindəki Nizami Məqbərəsini da ziyarət ediblər.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibində Qazi Universitetinin dekanları Mustafa Necmi İlhan, Rahmi Ünal, Bülent Elbasan, koordinator İhsan Kalenderoğlu,  eləcə də AzTU-nun prorektoru Çetin Elmas da yer alıb.

Daha çox

Oxşar yazılar

Close