AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

19 mart 2021-ci il tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov, ilk öncə, MDU-nun professor-müəllim, inzibati və texniki heyət üzvlərini, tələbə, magistrant və məzunlarını Novruz bayramı münasibətilə təbrik edib. Sonra gündəlikdə dayanan məsələlər diqqətə çatdırılıb.

İclasın gündəliyinə uyğun olaraq, “2020-ci il üçün universitetin maliyyə-təsərrüffat fəaliyyəti haqqında” hesabat dinlənilib. MDU-nun baş mühasibi Ş.Muradov tərəfindən təqdim olunan hesabatda ötən il ərzində universitet üzrə daxilolmalar və xərclər, təhsil haqlarının ödənilməsi vəziyyəti, əməkhaqqı artımları və digər məsələlər barədə məlumatlar öz əksini tapıb. Müzakirələrdən sonra, universitetin maliyyə dayanıqlığının daha da möhkəmləndirilməsinin zəruriliyini diqqətə çatdıran Ş.Bayramov təhsil haqqı ödənişləri ilə yanaşı, qanunvericiliyin yol verdiyi digər mənbələr hesabına da universitetin gəlirlərinin artırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra, MDU-nun Tələbə Elmi Cəmiyyətinin (TEC) sədri Günəş Şəfaqətov və Tələbə Gənclər Təşkilatının (TGT) sədr əvəzi Elmira Hüseynli “MDU-da tələbə təşkilatlarının fəaliyyəti haqqında” hesabat təqdim ediblər. Hesabatda TEC və TGT tərəfindən təşkil edilmiş tələbə konfransları, vebinarlar, təlimlər, intellektual oyunlar, peşəkarlarla müxtəlif formatda keçirilmiş onlayn görüşlər, müsabiqələr haqqında ətraflı məlumat verilib və növbəti dövr üçün nəzərdə tutulmuş tədbirlər diqqətə çatdırılıb. Müzakirələrdən sonra, rektor tələbə təşkilatlarının fəaliyyətində müasir dövrün tələblərinə uyğun fərqli və çevik yanaşmalara üstünlük verilməsinin əhəmiyyətindən danışıb, bununla bağlı müvafiq tövsiyələrini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Cari məsələlərin müzakirəsi ilə davam edən iclasda MDU-nun strukturunda “Tələbə Vətənpərvərlik İnkişafı Mərkəzi”nin yaradılmasına dair qərar qəbul olunub. Tələbələrin xalqa, vətənə və dövlətçiliyə bağlı olan vətənpərvər şəxsiyyət kimi yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edəcək Mərkəzin fəaliyyətində MDU-nun şəhid məzunlarının adlarının əbədiləşdirilməsi və qazi məzunlara diqqət göstərilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi əsas yer tutacaqdır.

Daha sonra, Elmi Şura MDU-nun hesabından “YAŞAT” Fonduna 10 min manat vəsaitin köçürülməsi haqqında qərar qəbul edib.

İclasda MDU rektorunun Türkiyəyə səfəri çərçivəsində qardaş ölkənin qabaqcıl universitetlərinin rektorları ilə keçirilmiş görüşlər haqqında ətraflı məlumat verilib. MDU-nun tarixində ilk dəfə olaraq Türkiyənin nüfuzlu ali təhsil müəssisələri ilə əməkdaşlıq əlaqələrinin qurulmasının MDU-nun yeni dövr universitetinə çevrilməsi istiqamətində yaradacağı geniş imkanlar diqqətə çatdırılıb.

Daha çox

Oxşar yazılar

Close