AzərbaycanElm və təhsilMDUXəbərlər

Mingəçevir Dövlət Universiteti Elmi Şurasının növbəti iclası keçirilib

2021-ci ilin 23 fevral tarixində Mingəçevir Dövlət Universitetinin (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.

“Microsoft Teams” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov gündəlikdə dayanan məsələləri diqqətə çatdırıb.

İclasın gündəliyinə uyğun olaraq, “2020/2021-ci tədris ilinin payız imtahan sessiyasının yekunları haqqında” hesabat dinlənilib. Tədris şöbəsinin müdir müavini Ü.Zeynalov tərəfindən təqdim olunan hesabatda mövcud normativ sənədlər əsasında məsafədən təşkil edilmiş payız imtahan sessiyasının fakültələr, kafedralar və ixtisaslar üzrə nəticələri barədə məlumatlar öz əksini tapıb. Əvvəlki dövrlərlə müqayisədə cari imtahan sessiyasında müvəffəqiyyət və keyfiyyət göstəricilərinin yüksəldiyi, apellyasiya müraciətlərinin sayının əhəmiyyətli dərəcədə azaldığı bildirilib. Təhsilalanlar və akademik heyət üzvləri arasında aparılmış sorğuların nəticələrinə əsasən imtahan prosesinin təşkilindən və gedişatından, biliyin qiymətləndirilməsi üçün yaradılmış şəffaf mexanizmdən, müəllim və tələbələrə münasibətdə tətbiq edilən həssas yanaşmadan yüksək məmnunluğun ifadə edildiyi qeyd olunub.

Müzakirələrdən sonra, hesabatın əsas məqsədlərindən birinin gələcəkdə atılacaq addımların müəyyən edilməsi olduğunu diqqətə çatdıran rektor mövcud şəraitdə tədris prosesinin keyfiyyətinin davamlı yüksəldilməsinin vacibliyini vurğulayıb, müsbət meyillərin daha da möhkəmləndirilməsi və cari çətinliklərin aradan qaldırılması istiqamətində müvafiq tapşırıq və tövsiyələrini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

Sonra, Mühəndislik fakültəsinin dekan əvəzi A.Əliyeva “Mühəndislik fakültəsinin fəaliyyəti haqqında” hesabat təqdim edib. Hesabatda ötən dövr ərzində fakültədə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi fəaliyyətin səmərəliliyinin artırılması və tələbələrlə işin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib və növbəti dövr üçün iş planı diqqətə çatdırılıb. Müzakirələrdən sonra, rektor fakültənin potensialının gücləndirilməsində mühüm rol oynayan qabaqcıl tərəfdaş universitetlərlə faydalı əməkdaşlığın əhəmiyyətindən danışıb və bununla bağlı müvafiq göstərişlərini verib. Hesabat Elmi Şura tərəfindən qəbul edilib.

İclasda işğaldan azad edilmiş doğma Qarabağın dirçəldilməsi ilə bağlı ölkədə həyata keçirilən genişmiqyaslı və sistemli dövlət tədbirlərinə mümkün dəstək çərçivəsində fəaliyyətlərə MDU-nun tələbə və müəllim kollektivinin aktiv qoşulmasının təmin edilməsi qarşıda dayanan əsas vəzifələrdən biri olaraq müəyyən edilib.

İclas cari məsələlərin müzakirəsi ilə davam edib.

Daha çox

Oxşar yazılar

Close