2020-ci ilin 21 oktyabr tarixində Mingəçevir Dövlət Universiteti (MDU) Elmi Şurasının növbəti iclası keçirilib.
“ZOOM” platforması üzərindən online formatda keçirilən iclası açan MDU-nun rektoru Şahin Bayramov ilk növbədə son günlər rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor Ali Baş Komandanımızın böyük qətiyyəti və güclü siyasi iradəsi sayəsində tarixi Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması istiqamətində aparılan uğurlu əməliyyatların hər kəsdə yüksək sevinc və qürur hissi yaratdığını vurğulayıb. Ədalətə söykənən və haqqın bərpası missiyasına əsaslanan Vətən Müharibəsində universitetin bir neçə əməkdaşının və məzunlarının da fəal iştirak etdiyini bildirən Ş.Bayramov Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından informasiya cəbhəsində MDU kollektivinin üzərinə düşən vəzifələr barədə ətraflı danışıb.
Sonra, 2019/2020-ci tədris ilinin yaz və yay imtahan sessiyalarının yekunları haqqında hesabat dinlənilib. Hesabatda müvafiq hazırlıq işləri, eləcə də professor-müəllim və inzibati-texniki heyət üzvlərinin səyləri sayəsində hər iki sessiyanın uğurla başa çatması, əvvəlki dövrlərlə müqayisədə müvəffəqiyyət və keyfiyyət göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşması diqqətə çatdırılıb. Məsələ ətrafında müzakirələr aparılıb və təqdim edilən hesabat Elmi Şura üzvləri tərəfindən qənaətbəxş hesab olunub.
Daha sonra, 2020/2021-ci tədris ili üçün bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun yekunları haqqında hesabat dinlənilib. Hesabatda cari tədris ili üçün MDU-da tələbə qəbulu planının bakalavriat səviyyəsi üzrə 92%, magistratura səviyyəsi üzrə isə 88% dolduğu bildirilib. MDU tərəfindən aparılmış təbliğat işləri, mövcud dövrün reallıqlarından irəli gələrək universitetə qəbul olunanların qeydiyyatdan keçməsi durumu, bir sıra ixtisaslar üzrə subbakalavrların üstünlük təşkil etməsi və digər məsələlər barədə məlumat verilib. Müzakirələr nəticəsində hesabat Elmi Şura tərəfindən qəbul edilib.
İclasda 2020/2021-ci tədris ili üçün MDU Elmi Şurasının iş planı layihəsi müzakirə olunub və təsdiq edilib.
Elmi Şura iclasının gündəliyinə uyğun olaraq, rektor Ş.Bayramov cari tədris ilində qarşıya qoyulan vəzifələr haqqında ətraflı məlumat verib. Bütün istiqamətlər üzrə fəaliyyətin xüsusi karantin rejiminin və mövcud hərbi vəziyyətin reallıqları nəzərə alınmaqla həyata keçirilməli olduğunu qeyd edən rektor hazırda bütün təhsil müəssisələrində iki həftəlik tətilin elan edildiyini xatırladıb. Məsəfədən təhsilin təşkili istiqamətində görülməli olan işlər barədə danışan Ş.Bayramov elektron tədris resursları (sillabuslar, mühazirə mətnləri, təqdimatlar, dərsliklər, videodərslər) bazasının genişləndirilməsi və tələbələrə çatdırılması ilə bağlı müvafiq tapşırıqlar verib. Tədris ili ərzində elmi fəaliyyətin təşkilindən bəhs edən rektor əməkdaşların MDU-da və digər ali təhsil müəssisələrində keçiriləcək elmi konfranslarda fəal iştirakının təmin olunmasının vacibliyini bildirib.
Elmi Şura iclası COVID-19 infeksiyası ilə mübarizənin davam etdirilməsi, hərbi vəziyyətlə əlaqədar universitetdə mühafizə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi, Silahlı Qüvvələrə Yardım Fonduna vəsait köçürmələrinin könüllülük əsasında davam etməsi, sosial şəbəkələrdə fəaliyyətlə bağlı nəzərə alınmalı olan nüanslar, yalnız rəsmi mənbələrə əsaslanan xəbərlərə istinad edilməsinin vacibliyi, birinci kurs tələbələri üçün online formatda oreientasiya günlərinin keçirilməsi, tələbələrin e-telebe.edu.az portalında qeydiyyatının sürətləndirilməsi və digər cari məsələlərin müzakirəsi ilə yekunlaşıb.
Şərhlər bağlıdır.