Mingəçevir Dövlət Universiteti (MDU) “Nizami Gəncəvi İli” çərçivəsində keçirilən İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransında fəal təmsil olunub. “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr beynəlxalq konfrans Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə cari ilin 4-7 iyun tarixlərində baş tutub.
Dünyanın 35 ölkəsindən 700-ə yaxın tədqiqatçının qatıldığı konfransda MDU-nun 3 magistrantı və 3 əməkdaşı da iştirak edib. Konfransda təqdim olunan seçilmiş məruzələrin nüfuzlu elmi platformada indekslənən beynəlxalq elmi jurnallarda dərc edilməsi, konfrans materiallarının isə dünyanın aparıcı kitabxanalarına göndərilməsi nəzərdə tutulub
Konfransda MDU-dan magistrant İlham İlyasov “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında peşə təhsili müəssisələrinin rolu” mövzusunda, magistrant Nuranə Abbasova-Zeynalova “İşğaldan azad edilmiş rayonların inkişaf perspektivləri” mövzusunda, magistrant Samir Paşayev “Azərbaycanda külək və günəş enerjisindən istifadə imkanları” mövzusunda, müəllim Saqib Məmmədov “Makroiqtisadi sabitlikdə iqtisadiyyatın diversifikasiyasının rolu: Azərbaycanda iqtisadiyyatın diversifikasiyası istiqamətində mövcud vəziyyət və perspektivlər” mövzusunda, müəllim Aygün Ismayilova “Nizami Gəncəvinin irsində iqtisadi fikirlər” mövzusunda, laborant Vəfa Balakişiyeva “Nizami Gəncəvinin yaradıcılığında insan haqlarının təbliği” mövzusunda məruzələrlə çıxış ediblər.
Beynəlxalq konfransın cari ilin 4 iyun tarixində Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan təntənəli açılış mərasimində MDU-nun rektoru Şahin Bayramov da iştirak edib.
Qeyd edək ki, MDU-da magistrantların və gənc tədqiqatçıların elmi fəaliyyətə aktiv cəlb olunması, eləcə də onların yerli və beynəlxalq elmi konfranslarda fəal iştirak etməsi diqqət mərkəzində saxlanılır.
Şərhlər bağlıdır.