Mingəçevir, 20 yanvar
20 yanvar faciəsinin 25-ci ildönümü Mingəçevir şəhərinin idarə, müəsisə və təşkilatlarında, təhsil, səhiyyə və mədəniyyət ocaqlarında ədəbi-bədii kompozisiyalarla, disbut və söhbətlərlə yad edilib. Ümumxalq hüzn günündə isə on minlərlə mingəçevirli Şəhidlər Xiyabanına axışaraq, xalqımızn tarixinə qəhrəmanlıq səlnaməsi kimi daxil olmuş 20 yanvar faciəsi qurbanlarının xatirəsinə hörmət və ehtiramını bildirib.
Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, çoxsaylı kollektivlər 20 yanvar abidəsinin önünə əklil və tər güllər düzüb, torpaqlarımızın bütövlüyü uğrunda şəhid olmuş soydaşlarımızın məzarlarını ziyarət ediblər.
Ümumşəhər anım mərasimində qeyd olunub ki, o qanlı gecədə xalqımız müstəqilliyini və azadlığını hər şeydən uca tutduğunu bir daha sübuta yetirib..Uzun illər boyu bu faciə xalqımızın qan yaddaşında milli qürur və şərəf günü kimi yaşayacaq, yeni nəsli qəhrəmanlıq dastanları yazmağa ruhlandıracaq. Şəhidlərin xatirəsinə dualar oxunub. Bu gün saat 12-də bütün ölkə ərazisində olduğu kimi Mingəçevirdə də bütün nəqliyyat vasitələrindən 20 yanvar qurbanlarının xatirəsinə siqnallar səsləndirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhid ailələri ilə görüşərək, onların problemləri ilə maraqlaınb. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıq ediblər.
Bir müddət əvvəl Şəhidlər Xiyabanında və ətrafında başlanan geniş quruculuq-abadlıq işləri hazırda yekunlaşmaq üzrədir. 204 qəbir yenidən bərpa edilib.
Şərhlər bağlıdır.