Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirlilər üçün bol əyləncə

Dekabrın 29-da və 30-da şəhərdə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə rəngarəng tədbirlər keçirilib

31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü il dekabr ayının 29-da “Xarı Bülbül” şadlıq sarayında baş tutub. Öncə Heydər Əliyevin və torpaqlarımızın azad olunması uğrunda həlak olan şəhidlərimizin xatirəsi yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramları münasibəti ilə təbriklərini çatdırıb. O, deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə atılan addımlar dövlətimizin inkişaf və tərəqqisinə, ərazi bütövlüyünün təmin olunmasına gətirib çıxarıb: “Ölkəmizin hər yerində, işğaldan azad olunan ərazilərdə, eyni zamanda Mingəçevirdə uzun illərdir ki, tikinti-quruculuq işləri ən yüksək mərhələyə çatıb və təbii ki, bütün bu işlər qarşıdan gələn yeni ildə də uğurla davam etdiriləcəkdir. Arzum budur ki, 2024-cü il həyatınızda yeniliklər ili olsun, sağlamlıq, könül açıqlığı, xoşbəxtlik nəsibiniz olsun. Bayramınız mübarək!”

İ,İsmayılov şəhərin ictimai-iqtisadi həyatında fəal iştirak etdiklərinə görə bir qrup şəxsə Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim edib. Milli Məclisin deputatı Aydın Mirzəzadə də mingəçevirlilərə arzularını çatdırıb: “Bu xoş günlər davamlı olsun, dövlətimizin uğurları bir-birini əvəz etsin, xalqımızın firavanlığı daimi olsun”.

Bayram axşamına yerli musiqiçilərin təqdim etdiyi rəngarəng mahnılar, Mərkəzi Aran Regional Təhsil İdarəsi Mingəçevir şəhər Uşaq Gənclər və İnkişaf Mərkəzi şagirdlərinin rəqsləri, Şaxta baba və Qar qızın söhbətləri əlavə çalarlar qatıb.

***

2023-cü il dekabr ayının 30-da Mingəçevirin Heydər Əliyev Meydanında qurulmuş Yolka ətrafında bayram şənliyi davam etdirilib. Şəhər İcra Hakimiyyəti, hüquq mühafizə orqanları, YAP şəhər təşkilatı, Mingəçevir Bələdiyyəsi və müəssisə rəhbərlərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin qatıldıqları tədbirdə xoş anlar yaşanıb. Yerli musiqiçilərin mahnı sovqatları, Şaxta baba və Qar qızın şirin söhbətləri və rəqsləri həm böyükləri, həm də uşaqları bolluca əyləndirib.

Şərhlər bağlıdır.