Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Mingəçevirin dörd problemi ilə bağlı üç dövlət qurumuna müraciət göndəriləcək

İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclasında şəhərdə sahibkarlıq fəaliyyəti, işsizlik, suvarma suyu və əhalinin istirahəti ilə bağlı məsələlər müzakirə olunub

20 iyul 2024-cü ildə Mingəçevir şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti iclası keçirilib. İclasda Mingəçevirdə sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilə edilməsi, işsizliyin aradan qaldırılması, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməsi və Sahil parkında əhalinin istirahətinin normal təşkil olunması ilə bağlı məsələlər müzakirə olunub.

Birinci məsələ barədə şura sədrinin müavini Vaqif Həsənov məlumat verib. O, qeyd edib ki, sahibkar Veyis Abbasovun İctimai Şuraya müraciəti əsasında araşdırma aparıb. Məlum olub ki, sahibkar 20 Yanvar küçəsindəki 39 saylı ünvanda yerləşən qeyri yaşayış sahəsində (keçmiş stomatoloji poliklinika) təmir işləri apararkən yerli dövlət qurumlarının təzyiqləri ilə qarşılaşıb. Diqqətə çatdırılıb ki, binanın texniki layihəsində heç bir dəyişdirilmə aparılmasa da, fasadda təmir zamanı prosesə mane olmaq istəyənlər tapılıb. Amma sahibkarın qətiyyətli mövqeyi və müvafiq təşkilatların sayğı göstərməsi sayəsində uzun müddət  davam edən anlaşılmazlıq artıq həllini tapıb. Bütün bunlara baxmayaraq, bəzi dövlət qurumlarının Mingəçevirdə normal sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələri davam edir. Xüsusən vaxtilə XDS İcraiyyə Komitəsindən icarəyə götürülmüş torpaqlarda istehsal müəssisələri yaradanlar şəxsi əmlaklarını girov qoyub SİF kreditləri ala bilmirlər, çünki onlara torpağa mülkiyyət çıxarışını əldə etmək üçün şişirdilmiş qiymətlər təklif olunur.

İkinci məsələ barədə şura sədri Fərman Nəbiyev məruzə edib. O, diqqətə çatdırıb ki, şəhərdə işsizliyin aradan qaldırılması istiqamətində aparılan tədbirlər yetərli deyil. Mingəçevir Sənaye Parkı açılanda 6-7 min iş yeri yaradılacağı gözlənilirdi, halbuki parkda çalışanların sayı on dəfədən də azdır. Son illər ərzində bir neçə ticarət obyektinin tikintisinə kifayət qədər torpaq sahəsi  ayrılıb, lakin onların yaratdıqları iş yerləri cüzi olub.  Ən ciddi problem özəlləşdirilmiş əksər müəssisələrin qapılarının hələ də bağlı bağlı qalmasıdır.

İclasda qərara alınıb ki, hər iki məsələ ilə əlaqədar İqtisadiyyat Nazirliyinə,  eyni zamanda şəhərin problemlərini Mingəçevir ictimaiyyəti ilə birgə müzakirə etmək üçün şəxsən nazir Mikayıl Cabbarova müraciət olunsun.

Şura üzvü Rizvan Mikayıllı məhəllələrə, bağ evlərinə və fərdi torpaq sahələrinə suvarma suyunun verilməməsi ilə bağlı danışıb. O, diqqətə çatdırıb ki, ötən əsrin 80-ci illərində Bozdağın ətəklərində müəssisələrə kollektiv bağçılıq məqsədilə torpaq sahələri ayrılıb və sonradan əhali artdıqca həmin ərazilər daimi yaşayış yerlərinə çevrilib. Vaxtilə mövcud bağ sahələrinə suvarma məqsədilə idarə və müəssisələrin, xüsusən Texniki Rezin Məmulatı zavodunun maliyyə vəsaiti hesabına su xətti çəkilib, amma sonradan həmin su xəttini “Azərsu” ASC balansına götürüb. Şəhərdə su-kanalizasiya sistemi yenidən qurulmağa başlayanda “Azərsu” ancaq içməli su satdığını elan edib, Bununla da bağ sahələrinin suvarılmasında ciddi narahatlıqlar yaranıb. Çünki tərkibinə xlor qatılmış içməli  su suvarma suyundan çox bahadır, həm də yaşıllıqların qurumasına səbəb olur. Mingəçevir İcra Hakimiyyətinin təşəbbüsü ilə köhnə su xəttinin bərpası qismən mümkün olsa da, bu, ancaq ictimai yaşıllığın suvarılmasına  kifayət edib.

İclasda qərara alınıb ki, məsələnin köklü araşdırılması, həyət evlərinə və bağ sahələrinə suvarma suyunun verilməsi üçün Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi qarşısında məsələ qaldırılsın.

Gündəlikdə duran sonuncu məsələ barədə ictimai Şura üzvü  İnqilab Şirinli fikirlərini çatdırıb. O, bildirib ki, cəmi 400 metr uzunluğunda olan Sahil parkına yay aylarında gələnlərin sayı həddindən çoxdur, üstəlik ərazidə uşaqları əyləndirmək məqsədilə “xidmət göstərən”  çəlləklərdən hazırlanma qatarlar və kiçik maşınlar əhalinin gediş-gəlişinə mane olur. Əvəllər cəmi bir “qatar” və 5-10 maşın var idi, hazırda onların sayı durmadan artır, bu isə yuxarı zolaq boyunca hərəkətə tıxac yaradır.  Aşağı zolaqda isə əldəqayırma gəmi və qayıqların yaydığı tüstü və səs, suyun üzərində “üzən” plastik qablar ciddi narahatlıq yaradır. Xüsusən COP-29 kimi  böyük və əhəmiyyətli tədbirin Azərbaycanda keçiriləcəyi bir vaxtda Mingəçevirdə Kür sahilinin belə acınacaqlı vəziyyətə düşməsi  təəssüf doğurur.   Nəzərə almalıyıq ki, tədbir günlərində xarici qonaqların Mingəçevirə gələcəyi də gözlənilir.

İclasda qərara alınıb ki, müxtəlif dövlət qurumlarının və özəl şirkətlərin koordinasiya şəklində problemə yanaşması üçün  COP29-un müəyyən edilmiş Prezidenti, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət göndərilsin.

Şərhlər bağlıdır.